MƏRKƏZİ DİSPETÇER SİSTEMİ İLƏ DAYANIQLI RABİTƏ ƏLAQƏSİ

Image

“Azərenerji” ASC-nin tərkibindəki “Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi” müəssisəsi ötən əsrin 90-cı illərində “Dispetçer texnoloji idarəetmə vasitələri şəbəkə müəssisəsi” adlanırdı. 2001-ci ildən xidmətə çevrilən bu müəssisə ancaq elektrik stansiyaları və böyük yarımstansiyalara xidmət edirdi. 2004-cü ildə həyata keçirilən struktur dəyişikliyindən sonra yaranan “Enerjisistemin İdarəetmə Vasitələri Şəbəkəsi” bütün enerjisistemi əhatə etməyə başladı, idarəetmədə çeviklik artdı.

Sözügedən müəssisədən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, enerjisistemin ahəngdar iş rejiminin saxlanmasında Səhmdar Cəmiyyətin daxili rabitə şəbəkəsinin fəaliyyəti də mühüm rol oynayır. Bu şəbəkənin fəaliyyəti elektrik stansiyaları və yarımstansiyaların mərkəzi dicpetçer sistemi ilə dayanıqlı rabitə əlaqəsini təmin edir. “Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da rabitə və informasiya-kommunikasiya texnologiyaları sürətlə inkişaf edir. Bu sektorda baş verən texnoloji yeniliklər müəssisəmizdə də tətbiq olunur. Köhnə rabitə avadanlıqları ilə müasir texnologiya ilə əvəz olunur, yeni tikilən obyektlərdə rəqəmsal tipli ATS-lər qurulur. İnformasiya texnologiyaları sahəsində də eyni mənzərə ilə rastlaşırıq”- deyən mənbə onu da bildirdi ki, hazırda enerjisistemin daxili rabitə sahəsində üç növ rabitədən – radiorabitə, yeraltı kabel və son illərdə SCADA layihəsi çərçivəsində istifadəyə verilmiş fibro-optik rabitə şəbəkəsindən istifadə edilir. Bütün bunlar prinsipcə eyni funksiya daşısa da, hər üç növün birlikdə fəaliyyəti rabitənin daha keyfiyyətli şəkildə təmin olunmasına xidmət göstərir.

Mənbəyə istinadən qeyd edək ki, hazırda enerjisistemdə tətbiq edilən fibro-optik rabitə şəbəkəsinin əhatə dairəsi getdikcə genişlənir. Yüksək gərginlikli xətlərin üzərində optik rabitə şəbəkəsi qurulur. Məlumdur ki, yüksək gərginlikli xətlərin əsas daşıyıcılarından başqa, onların üzərində xüsusi xətt də gedir ki, bu da qoruyucu - ildırımötürmə funksiyası daşıyır. Son illər bunların optik kabellə əvəz edilməsinə başlanılıb. Belə optik kabellər iki funksiya daşıyır: həm ildırımötürmə funksiyasını yerinə yetirir, həm də rabitəni təmin edir. Hazırda fibro-optik rabitə şəbəkəsinin uzunluğu 1300 kilometrə yaxındır. Gələcəkdə bu prosesin əhatə dairəsi daha da genişlənəcək. Yeri gəlmişkən, kabel rabitəsi isə daha çox paytaxt və onun ətrafını əhatə edir. Təqribən 380 kilometrə yaxın yeraltı kabel xətti var. Bununla yanaşı, radiorabitə texnologiyası da yeniləşdirilir. Onu da qeyd etmək yerinə düşərdi ki, fibro-optik şəbəkənin yaradılması stansiya və yarımstansiyalara yüksək keyfiyyətli internetin verilməsinə, elektron poçtun inkişaf etdirilməsinə, enerjisistemin bütün müəssisələrini əhatə edən kooperativ şəbəkənin genişləndirilməsinə imkan verir. İndiyə qədər bu istiqamətdə bir sıra mühüm layihələr həyata keçirilib: Elektron sənəd dövriyyəsi, Eletron hesabatlar, Müəssisə resurslarının avtomatlaşdırılması layihələri və s. tətbiq edilib.

Sonda mənbəyə istinadən onu da qeyd edək ki, müəssisə üzrə cari il üçün texniki istismar səviyyəsinin yüksəldilməsinə dair nəzərdə tutulan tədbirlər planı da genişdir.