TEXNİKİ QULLUQ İŞLƏRİ APARILMIŞDIR
Ən müasir texnologiyaların tətbiq edildiyi generasiya mənbələrindən biri olan “Xaçmaz” elektrik stansiyasının respublikanın şimal bölgəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılmasında böyük rolu olmuşdur. Stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, eyni zamanda sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Stansiyada texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların təhlükəsiz və qənaətli işləməsini təmin etmək məqsədi ilə nəzərdə tutulmuş tədbirlər müntəzəm olaraq yerinə yetirilir, o cümlədən vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər, yəni texniki qulluq işləri görülür. Məhz onun nəticəsidir ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. Hal-hazırda elektrik stansiyası dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin yanvar ayında 26,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, ötən il ərzində isə burada istehsal edilmiş elektrik enerjisi 254,4 milyon kilovatsaata yaxın təşkil etmişdir.
Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində həm ötən il, həm də cari ilin yanvar ayında elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata müvafiq növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri də aparılmışdır. Eyni zamanda stansiyada 110 kV-lik açıq paylayıcı qurğunun 11 kV-lik qapalı paylayıcı qurğusunun avadanlıqlarında müvafiq təlimata uyğun sınaq işləri də həyata keçirilmişdir.
Yeri gəlmişkən, digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilmiş, o cümlədən yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Eyni zamanda yanğınsöndürmə su sisteminin borularının istilik izolyasiyası təmir edilmişdir.
Sonda onu da qeyd edək ki, əməlyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsinin artırmaq məqsədilə bütün növ təlimatlar keçirilmiş, bilik yoxlamaları aparılmış və əks qəza məşqləri keçirilmişdir. Xatırladaq ki, ümumi gücü 87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.