YENİDƏNQURMA İŞLƏRİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Image

“Şabran Elektrik Şəbəkəsi”nin kollektivi ötən ildə olduğu kimi cari ildə də əsas diqqəti yenidənqurma işlərinə və avadanlıqlara texniki qulluğun yaxşılaşdırılmasına yönəldib. İstismar səviyyəsinin yüksəldilməsi və qış mövsümünü uğurla başa vurulması üçün nəzərdə tutulmuş tədbirlər həyata keçirilib.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə,  ötən ilin son aylarında sözügedən EŞ-in balans mənsubiyyətinə aid 10 və 0,4 kV-lik elektrik verilişi xətlərində yenidənqurma və təmir işləri aparılıb. Qeyd edək ki, elektrik şəbəkəsində itkilərin minimum səviyyəyə salınması, qeyri-qanuni müdaxilələrin qarşısının alınması dayanıqlığın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.  Bu istiqamətdə də məqsədyönlü işlər həyata keçirilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, EŞ-in xidməti ərazisində ötən il ərzində keçirilmiş reydlər zamanı 555-dən çox istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 714,6 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 43 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 90 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə istehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində də vəziyyətin normal olduğunu bildirərək onu da qeyd etdi ki, ötən ilin 12 ayı ərzində EŞ üzrə ümumi istehlak 66,1 milyon kilovatsaata, o cümlədən dekabr ayında isə 7 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2013-cü ilin 12 aylıq göstəriciləri ilə müqayisədə istehlak 2.7 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə bir faizə yaxın olmuşdur.  O cümlədən, dekabr ayında istehlak 26 min kilovatsaata yaxın azalmışdır. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ildə daimi əhali istehlakçıları üzrə 32 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmidir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 5 milyon kilovatsaat çoxdur. Ödəniş isə mütləq 5 faizdən çox artmışdır. O cümlədən, dekabr ayında isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 574 min kilovatsaat artaraq 4 milyon kilovatsaatdan çox olmuşdur.