“OĞUZ EŞ”: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

İstehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi, istehlak edilmiş elektrik enerjisinin sərfinə görə ödənişlərin 100 faizə çatdırılması qarşıda duran ən mühüm vəzifələrdəndir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, bu məqsədlə “Oğuz” elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində olan EVX və TM-lərdə ötən il ərzində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və hazırda bu işlər davam etdirilir. Qeyd edək ki, təmir işləri TM və KTM-lərdən də yan keçməmişdir.

Mənbə onu da bildirdi ki, sözügedən EŞ üzrə ötən ilin dekabr ayında ümumilikdə 6,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin müvafiq dövründəki istehlakdan 765 min kilovatsaata yaxın çoxdur. Hesabat ayındakı ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstəricidən mütləq 63 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 min kilovatsaat azalaraq 1,4 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 5 faiz olmuşdur.

Onu da qeyd edək ki, ötən il ərzində isə sözügedən EŞ-də ümumilikdə 71,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü illə müqayisədə istehlak 2,4 milyon kilovatsaata yaxın artmış, ümumi ödənişdə mütləq artım isə 3 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 13,8 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da 2013-cü ildəki istehlakdan 1,7 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü ildəki ödənişdən mütləq 5 faizdən çox artmışdır.

Mənbədən əldə edilən digər bir məlumata görə,  ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 60-a yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 205,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,3 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 73 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.