TƏMİR İŞLƏRİ GÖRÜLÜR

Image

“İsmayıllı Elektrik Şəbəkəsi” (EŞ) üzrə istehlak edilmiş elektrik enerjisinin dəyərinin tam ödənilməsi, həm də istismarın vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar mühüm tədbirlər həyata keçirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin son üç ayı ərzində balans mənsubiyyətinə aid olan 6, 10 və 0,4 kV-lik xətlərin müəyyən hissəsində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Paralel olaraq TM-lərdə aparılan təmir işləri zamanı müxtəlif gücdə transformatorlar da təmir edilərək şəbəkəyə qoşulmuşdur. Yeri gəlmişkən, burada şəbəkələrdə yenidənqurma işləri aparılır və sayğaclar xüsusi qutularda baxış üçün maneəsiz yerlərdə quraşdırılır ki, bu da öz növbəsində istehlak edilmiş elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsir göstərir.

Mənbəyə istinadən onu da qeyd edək ki, elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı sistemli olaraq reydlər keçirilir. Belə ki, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 265-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək müvafiq qaydada aktlaşdırılmışdır. Nəticədə 731 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 43 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı 2013-cü ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Mənbə onu da bildirdi ki, 2014-cü ilin dekabr ayında sözügedən EŞ-in xidmət ərazisində 4,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 150 min kilovatsaatdan çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 259 min kilovatsaata yaxın artaraq 2,7 milyon kilovatsaatdan artıq olmuşdur. Onu da qeyd edək ki, ötən il ərzində müəssisə üzrə ümumi istehlak 52,5 milyon kilovatsaata yaxın olmuşdur ki, bu da 2013-cü ildəki istehlakdan 3,3 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ildəki istehlakla müqayisədə 1,9 milyon kilovatsaata yaxın artaraq 29,5  milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü ildəki göstərici ilə müqayisədə mütləq 6 faizə yaxın artmışdır.