YENİDƏNQURMA TƏDBİRLƏRİNƏ DİQQƏT ARTIRILIR
Digər rayonlar kimi Hacıqabul rayonunun ərazisi də daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunur. Fiziki köhnəlmiş naqil və dayaqların yeniləri ilə əvəz olunması istiqamətində işlər davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, ay ərzində rayonun elektrik enerjisinə olan tələbatı yaz-yay dövründə təxminən 8-9 milyon kilovat-saat, payız-qış mövsümündə isə 12-14 milyon kilovat-saat aralığında dəyişir. Buna baxmayaraq, istehlak olunan elektrik enerjisinin dəyərinin ödənilməsi üzrə vəziyyət hələ də istənilən səviyyədə deyildir. Belə ki, smart-kart tipli sayğacların quraşdırıldığı rayon mərkəzində bu problem həllini tam olaraq tapsa da, hələ də açıq naqillərin istismarda olduğu kənd yerləri ilə bağlı bu fikri söyləmək çətindir. Bununla belə, kollektiv son dövrlər ödənişdə dinamikaya nail olmaq üçün səylərini artırmaqdadır. Belə ki, müəssisənin xidməti ərazisində ötən ilin dekabr ayında 12,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir.
Qeyd edək ki, 2014-cü il ərzində isə EŞ-in xidməti ərazisində ümumilikdə 132,5 milyon kilovatsaatdan çox elektrik enerjisi istehlak edilmişdir.“İstehlakçılara verilən elektrik enerjisinin haqqının ödənilməsi sahəsində əhalinin ödənişə cəlb olunması qarşıda duran əsas vəzifələrdəndir”, – deyən mənbə onu da bildirdi ki, 2013-cü illə müqayisədə ümumi ödəniş mütləq 17 faizdən çox, daimi əhali istehlakçılar qrupunda isə mütləq 8 faizə yaxın artmışdır.
Mənbədən əldə edilən digər bir məlumata görə, müəssisənin xidməti ərazisində ötən il ərzində keçirilmiş reydlər zamanı 820-yə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 842,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 170,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 61 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.