“NEFTÇALA EŞ”: İSTİSMAR SƏVİYYƏSİ DAHA DA YAXŞILAŞDIRILIR

Image

“Neftçala Elektrik Şəbəkəsi”ndə elektrik təsərrüfatının fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə daha da keyfiyyətli və dayanıqlı təchizatını təmin etmək məqsədilə mühüm işlər həyata keçirilib. Bu baxımdan, enerji təsərrüfatında aparılan məqsədyönlü işlər öz bəhrəsini verməkdədir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər rayonlarda olduğu kimi, sözügedən EŞ-in ximət etdiyi rayonda da istehlakçıların elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Əsas məqsəd, istehlakçıları daha da  keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə rayonun elektrik təsürrüfatında mühüm təmir-bərpa işləri aparılıb. O cümlədən, ötən ilin son ayları ərzində yüksək gərginlikli hava xətlərində həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri zamanı həmin bu xətlərin bir hissəsi əsaslı və cari təmir olunmuşdur.

Mənbədən daxil olan digər bir məlumata görə, ötən il ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 590-dan artıq istehlakçının sayğac uçot komplektini pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 758,8 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 165,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 91 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bildirdi ki, ötən ilin dekabr ayında sözügedən EŞ üzrə 13,9 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir.  Onu da qeyd etmək yerinə düşərdi ki, müəssisə üzrə ötən ildəki ümumi istehlak 145,4 milyon kilovatsaatdan artıq olmuşdur.