TEXNİKI İSTİSMAR SƏVİYYƏSİ YÜKSƏLDİLİR

Image

Digər enerji müəssisələrində olduğu kimi «Mingəçevir Re­gio­nal Elektrik Şəbəkəsi»nin tərkibindəki 12 rayon elektrik şəbəkəsində də (EŞ) istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təchiz olunması üçün zəruri tədbirlər həyata keçirilir.

Ötən il şəbəkələrin elektrik  təsərrüfatlarında yeniləşmə prosesi davam etdirilib. Eyni zamanda, texniki qulluğun normal səviyyədə aparılması nəticəsində  qurğu və avadanlıqların texniki istismar səviyyəsi daha da yüksəlib.

«Mingəçevir REŞ»in məsul işçisi “Azərenerji” ASC-nin Mətbuat xidmətinə ötən ilin yekunları barədə  məlumat verərkən bunu bildirib.  O qeyd edib ki, şəbəkənin fəaliyyət dairəsi genişdir. Respublika enerji sisteminin ana xəttini təşkil edən 330 kV-lik  I və 500 kV-lik II “Abşeron” hava xətlərinin 70 faiz (175 km) hissəsi şəbəkənin xidmətindədir. Ötən il 330-500 kV-lik hava xəttinin 33,3 km hissəsində, habelə 220 kV-lik (56,4 km), 110 kV-lik (40,9 km), 35 kV-lik (59 km), 10 kV-lik (397 km), 0,4 kV-lik (264 km) elektrik hava veriliş xətlərində əsaslı və cari təmir işləri görülüb. Onu da bildirək ki, il ərzində mütəmadi olaraq avadanlıqlarda sınaq işləri aparılıb, onların texniki istismar səviyyəsi yaxşılaşdırılıb. Şəbəkənin istifadəsində olan xeyli sayda güc, gərginlik və cərəyan transformatoru, yağ və vakuum açarları, boşaldıcı, giriş izolyatorları və digər istifadədə olan elektrik avadanlıqları sınaqdan çıxarılıb və aşkar olunan qüsurlar aradan qaldırılıb.

Ağdam rayonunda olan 110/35/10 kV-lik «Xındırıstan» yarımstansiyasında 110 kV-lik 2 ədəd 25 MVA-lıq transformator 40 MVA-lıq transformatorla əvəz olunub. Bərdə rayonunda 110/35/10 kV-lik yarımstansiyada yeni 10 kV-lik  Qapalı Paylayıcı Quruluş (QPQ) tikilib istifadəyə verilib. Naftalan şəhərində 110/35/10 kV-lik yarımstansiyada yeni quraşdırılmış 16 MVA transformator istismara verilib.

Bununla yanaşı, Ağdaş ra­yonunda yeni yarımstansiyanın istismara verilməsi ilə bağlı yüksək gərgilikli hava verilişi xətlərində təkmilləşdirmələr aparılaraq istismar səviyyəsini yüksəltmək üçün bir sıra yeniliklər edilib. Ucar, Ağdaş, Yevlax, Göyçay rayonlarını əhatə edən 110 kV-lik hava elektrik verilişi xətlərində də yenidənqurma işləri aparılıb.

Onu da qeyd edək ki, 2014-cü ildə EŞ-lərin balans mənsubiyyətindəki transformator məntəqələrinin 1160-da  təmir işləri həyata keçirilib. Xətlərin dayanıqlı istismarını yüksəltmək üçün 244 ədəd dayaq basdırılıb. Analoji işlər 0,4 kV-lik EVX-lərdə də həyata keçirilib. Müxtəlif xətlərdə 180 ədəd yeni dayaq quraşdırılıb.

İtirilmiş elektrik enerjisinin istehlak dəyərinin bərpa olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Aşkar­lanmış qayda pozuntuları ilə əlaqədar 8344 aktı tərtib edilib və 35 milyon kilovatsaatdan çox itirilmiş elektrik enerjisinin istehlak dəyəri  bərpa olunub, hesablanmış məbləğin  tam ödənilməsi üçün tədbirlər görülür.