“AZƏRBAYCAN İES”: İLƏ YÜKSƏK ƏHVAL-RUHİYYƏ İLƏ BAŞLANILIB
2014-cü ilin yekunlarına əsasən, stansiyada enerji blokları və avadanlıqların texniki-istismar səviyyəsinin yüksəldilməsi, stansiyanın texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması, yanacaq və enerji resurslarına qənaət olunması və stansiya avadanlıqlarının payız-qış mövsümünə hazırlığının təmin olunmasına dair kompleks tədbirlər planı tam həcmdə yerinə yetirilib.
Eyni zamanda texniki tələblərə uyğun olaraq aparılmış profilaktik yoxlama və sazlama-sınaq işləri nəticəsində stansiyada enerji bloklarının və avadanlıqların dayanıqlı və qənaətli iş rejimləri təmin edilib. Dispetçer yük qrafikinə əməl olunmaqla enerji istehsalı üzrə verilmiş göstərişlər yerinə yetirilib.
“Azərbaycan İES”dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada 2014-cü il ərzində 7 milyard 683,6 milyon kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub. Stansiyada digər texniki göstəricilər də uğurludur.
İl ərzində enerji blokları və avadanlıqların istismarı ilə yanaşı avadanlıq, bina və qurğularda təmir-tikinti və profilaktik yoxlama işləri aparılıb, ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib.
Qeyd edək ki, təmir qrafikinə və «Enerji müəssisələrinin 2014-2015-ci illərin payız-qış mövsümünə hazırlığı haqqında» kompleks tədbirlər planına uyğun olaraq stansiyanın V enerji blokunda idarəetmə sisteminin yenidən qurulması və blokun avadanlıqlarında əsaslı təmir, VI və VIII enerji bloklarında əsaslı, digər enerji bloklarında planlı cari təmir işləri aparılıb, texniki istismar səviyyəsinin yüksəldilməsi, avadanlıqların texniki-iqtisadi göstəricilərinin yaxşılaşdırılması və dayanıqlı işinin təmin olunması məqsədilə rejim-sazlama işləri həyata keçirilib. Suhazırlama qurğusu, yanacaq təsərrüfatı, kompressor və azot-oksigen sahəsi üzrə avadanlıqlar, yükqaldırıcı kran və mexanizmlər təmir və təftiş olunub.
Sonda onu da qeyd edək ki, respublikamızın ən böyük enerji müəssisəsi sayılan “Azərbaycan İES”- in kollektivi yeni ilə əmək-ruh yüksəkliyi ilə qədəm qoyub.