ZƏRURİ TƏDBİRLƏR HƏYATA KEÇİRİLİR
“Şirvan Elektrik Şəbəkəsi”nin kollektivi yola saldığımız ildə rayon istehlakçılarına daha dayanıqlı və keyfiyyətli elektrik enerjisinin verilməsi məqsədilə nəzərdə tutulmuş tədbirləri əsasən uğurla yerinə yetirmişdir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, ötən ilin dekabr ayında sözügedən EŞ üzrə ümumilikdə 30,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Yeri gəlmişkən, ötən il ərzində isə ümumi istehlak 358,8 milyon kilovatsaatdan artıq olmuşdur.
İstehlakçıların “Elektrik enerjisindən istifadə qaydaları”na riayət etmələrinin yoxlanılması istiqamətində keçirilən reydlər zamanı ötən il ərzində 110 istehlakçının qaydaları pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq 353,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 21,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı 2013-cü ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.