DAYANIQLIĞIN YÜKSƏLDİLMƏSİ VACİBDİR

Image

“Zərdab Elektrik Şəbəkəsi”nin (EŞ) kollektivi mövsümə hazırlıq üzrə tədbirlər planının icrasına başlayıblar. Ötən müddət ərzində görülmüş işlər istehlakçıların elektrik enerjisi ilə daha dayanıqlı təchizatını təmin etməyə imkan yaradır.

Şəbəkə ümumilikdə 11900-dan cox istehlakçıya xidmət göstərir. Bundan təxminən 10,8 minə yaxını məişət abonenti (əhali) istehlakçı qrupuna aiddir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məluma görə, sözügedən EŞ üzrə mövsümə hazırlıq tədbirləri çərçivəsində xeyli iş görülüb. Zərurət yaranan ərazilərdə transformatorlar dəyişdirilib. O cümlədən, ötən ilin son üç ayında müxtəlif gücdə bir neçə transformator məntəqəsində də müvafiq təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, sözügedən dövrdə elektrik verilişi xətlərində naqillərin təzələnməsi də görülən işlər sırasındadır.

“Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişində dinamik artım qeydə alınmışdır”,- deyən mənbə qeyd etdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə 3,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövründəki istehlakla müqayisədə 85 min kilovatsaata yaxın çoxdur.  İstehlak edilmiş elektrik enerjisinin dəyərinin ödənişi isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 71 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 173 min kilovatsaat artaraq 2,1 milyon kilovatsaata, ödənişdə  mütləq artım isə 2 faizə yaxın olmuşdur. Onu da qeyd edək ki, 2014-cü il ərzində müəssisə üzrə istehlak 2013-cü illə müqayisədə 5,9 milyon kilovatsaatdan çox artaraq 54,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə 2013-cü illə müqayisədə mütləq 19 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2013-cü illə müqayisədə 1,6 milyon kilovatsaatdan çox artaraq 22 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 7 faiz olmuşdur.

Onu da qeyd edək ki, digər şəbəkələrdə olduğu kimi, burada da elektrik enerjisindən qeyri-qanuni istifadə halları mövcuddur. Lakin belə halların aradan qaldırılması üçün reydlər aparılır və tədbirlər görülür. Ötən il ərzində  150-dən artıq istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 659,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 39,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı 2013-cü ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.