TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Son illər respublika elektrik energetika sisteminin fiziki və mənəvi durumunun yenilənməsi, onun Avropa standartlarına inteqrasiyası istiqamətində system əhəmiyyətli yeni layihələr həyata keçirilir. Əldə edilən uğurlar elektrik enerjisi təchizatının keyfiyyətinin daha yüksəltmiş və təhlükəsizliyini möhkəmləndirmişdir. Hazırda xidmətdə olan bütün yarımstansiyalarda, transformator və komplekt transformator məntəqələrində (TM və KTM) və elektrikötürücü xətlərdə avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra yenidənqurma, əsaslı təmir və texniki təftiş işləri aparılmışdır.

 

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, ötən təsərrüfat ilində «Qəbələ REŞ» -in tərkibində fəaliyyət göstərən “Ağsu Elektrik Şəbə­kəsi”nin energetikləri 10-0,4 kV-lik elektrik verilişi xətlərində, transformator məntəqələrində zəruri işlər görüb, ra­yonun enerji istehlakçılarını fasiləsiz enerji ilə təmin ediblər. Şəbəkənin balansında olan 10 kV-lik EVX-lərdə 12,8 km məsafədə təmir işləri görülüb. 0,4 kV-lik EVX-də isə 33,7 km məsafədə təmir işləri həyata keçirilib. Şəbəkənin ba­lansında olan 10/0,4 kV-lik 46 transformator məntəqəsində tə­mir işləri aparılıb. Elə bunun nəticəsidir ki, sözügedən müəssisələrin xidməti ərazilərində mövcud iqlim şəraitində istehlakçıların enerji təminatında fasilə və digər nasazlıqlar qeydə alınmır. “Ağsu” EŞ-nin xidməti ərazisində yaşayış evlərinə 130-a yaxın birfazlı sayğac yenisi ilə əvəz edilib, 120-dən artıq yeni sayğac quraşdırılıb. Şəbəkələrdə yeni ilin ilk həftələrindən il ərzində görüləcək işlərin həcmi müəyyənləşdirilir, pa­yız-qış mövsümünə, habelə avadanlıqların istismar müddətinin uzadılmasına dair tədbirlər planı hazırlanır.