“MİNGƏÇEVİR EŞ”: TƏMİR İŞLƏRİ HƏYATA KEÇİRİLİB
Mingəçevir şəhərində istehlakçıların elektrik enerjisi təchizatının yaxşılaşdırılması ilə bağlı ardıcıl və məqsədyönlü tədbirlər görülür. Son illər, o cümlədən ötən il şəhərin elektrik təsərrüfatında xeyli iş görülüb ki, bu da istehlak edilən elektrik enerjisinin keyfiyyətinin və dayanıqlığının daha artırılmasına səbəb olmuşdur. Qeyd edək ki, istehlakçıların elektrik enerjisinə tələbatını daha da yaxşılaşdırmaq məqsədilə şəbəkə tərəfindən TM-lərdə də təmir işləri aparılmış və hətta yükə uyğun transformatorlar əvəz olunmuşdur. Eyni zamanda həmin bu dövrdə müxtəlif gücdə bir neçə transformator da təmir edilərək istifadəyə verilmişdir.
Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, istehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi üçün kollektiv öhdəsinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişdir. Mənbə onu da bildirdi ki, ötən ilin dekabr ayında müəssisə üzrə 15 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Bu da 2013-cü ilin müvafiq dövründəki istehlakla müqayisədə 1,1 milyon kilovatsaata yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 638 min kilovatsaatdan çox azalaraq 5,7 milyon kilovatsaatdan artıq olmuşdur.
Onu da qeyd edək ki, 2014-cü il ərzində müəssisə üzrə istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 7,6 milyon kilovatsaatdan çox artaraq 144,4 milyon kilovatsaata yaxın olmuşdur. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ödəniş isə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə istehlak 2013-cü illə müqayisədə 5,3 milyon kilovatsaata yaxın artaraq 52,4 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 9 faizdən artıq olmuşdur.
Mənbədən əldə edilən digər məlumata görə, sözügedən EŞ-in xidməti ərazisində 2014-cü il ərzində keçirilmiş reydlər zamanı 56 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 237,1 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 14 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı 2013-cü ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, burada da yanğın təhlükəsizliyinin təmin edilməsi haqqında nəzərdə tutulan tədbirlər həyata keçirilir. O cümlədən, artıq yağ tutumlu avadanlıqlarda yanğın təhlükəsizliyi təmin edilib, EVX-lərinin mühafizə zonalarının və TM-lərin ərazilərinin quru otlardan və kənar əşyalardan, transformatorların özülü və gövdəsi çirkli yağ örtüyündən təmizlənib.