İSTEHSAL TƏLƏBATA UYĞUN APARILIR

Image

Paytaxtın müəyyən hissəsinin elektrik  enerjisi tələbatının təmin olunmasında müstəsna rol oynayan Bakı İstilik Elektrik Mərkəzi”ndə işlərin lazımi səviyyədə təşkil edilməsi səbəbindən dayanıqlıq təmin olunub. Hazırda burada sutka ərzində təxminən 2 milyon kilovat-saata yaxın elektrik enerjisi istehsal edilir. Əlavə tələbat yaranacağı  halda, bu həcmin daha da artırılması imkanları mövcuddur. Stansiya dispetçer qrafikinə uyğun iş rejimində fəaliyyətini davam etdirir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, ötən ilin dekabr ayında burada 49,1 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, 2014-cü il ərzində isə burada elektrik enerjisinin istehsalı 627,8 milyon kilovatsaatdan artıq olmuşdur.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir.

Mənbənin bildirdiyinə görə,  əldə olunan uğurlar, daha da dayanıqlı və keyfiyyətli enerji istehsalına nail olunması bir sıra amillərlə şərtlənir. Bunlardan ən mühümü qış mövsümünə hazırlıq işlərinin yüksək səviyyədə təşkil edilməsi olub. Ümumilikdə isə görülən işlərin, o cümlədən ötən ilin IV rübündə həyata keçirilmiş işlərin miqyası genişdir. Bunlara 1 və 2 saylı qaz-turbin qurğularında (QTQ) həyata keçirilmiş müxtəlif təyinatlı təmir işləri, boylerdə cihazların təftişi, mazut nasoslarının təmiri və s. daxildir.

 

Mənbədən əldə etdiyimiz digər bir məlumata o da qeyd edilir ki, sözügedən dövrdə burada 110 kilovoltluq yarımstansiyada zəruri addımlar atılmışdır. O cümlədən, yarımstansiya avadanlıqlarının təmirinin aparılması da görülən işlər sırasındadır. Xatırladaq ki, “Bakı” İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.