KEYFİYYƏT YÜKSƏLİR, DAYANIQLIQ ARTIR
Respublikamızın enerji təchizatı sistemində yenidənqurma işlərinin geniş vüsət alması istehlakçıların elektrik enerjisi ilə dayanıqlı və keyfiyyətli təminatını daha da yaxşılaşdırıb.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin Ötürülməsi İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, bunu «Mingəçevir Regional Elektrik Şəbəkəsi»nin balans mənsubiyyətində olan “Zərdab Elektrik Şəbəkəsi”nin timsalında da görmək olar. Məhz xətt və avadanlıqlara, transformator məntəqələrinə və yarımstansiyalara lazımi texniki qulluğun nəticəsidir ki, 2014-cü ilin də yekunu şəbəkə kollektivi üçün uğurlu olub.
Mənbədən aldığımız məlumata görə, 35/10 kV-lik «Zərdab» yarımstansiyasından çıxan «Zərdab-Ucar», «Zərdab-Əlvənd» hava xətlərinin 35 kV-lik yağ açarları və 35/10 kV-lik 6,3 MVA gücündə olan 1 və 2 saylı transformatorların 10 kV-lik giriş yağ açarları əsaslı təmirdən çıxarılıb ki, bununla da onların dayanıqlı işi təmin edilib. Həmçinin 2 saylı transformator kompleksində də zəruri texniki qulluq həyata keçirilib. Lüzumsuz açılmaların qarşısının alınması məqsədilə 35/10 kV-lik «Zərdab» yarımstansiyasında 35 və 10 kV-lik yağ açarlarının mühafizə dövrləri yoxlanılıb və sazlama işləri aparılıb. 3 saylı «Şəhər», «Mərkəzi Rayon Xəstəxanası», «Zərdab-Əlvənd» hava xətlərinin, İsaqbağı kəndi ərazisindəki 0,4 kV-lik hava xəttinin trassası yaşıl kütlədən təmizlənib və boşalmış naqillər çəkilib bərkidilib. Transformatorların yenisi ilə əvəzlənməsi prosesi də rayon energetiklərinin əsas vəzifələrindən biri olub. Rayonun Yediyarlı, Təzəkənd, Bıçaqçı,Gəlmə kəndlərindəki müxtəlif gücdə olan transformatorlar yenisi ilə əvəzlənib. Güclü küləklər və leysan yağışları nəticəsində müxtəlif xətlərin zədələnmiş dayaqları yeniləri ilə əvəz olunub.
35/10 kV-lik «Əlvənd» yarımstansiyasında 4 MVA gücündə olan transformator cari və bütün yağ açarları əsaslı təmir edilib, avadanlıqlara yağ əlavə olunub ki, bu da yarımstansiyanın dayanıqlı işinə zəmin yaradıb. Dəliquşçu kəndi ərazisində 10 və 0,4 kV-lik hava xətlərində təmir-bərpa işləri aparılıb.