İSTEHSAL DİSPETÇER QRAFİKİNƏ UYĞUN APARILIR

Image

Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş, respublikamızın şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının daha dolğun şəkildə təmin olunmasında “Xaçmaz” elektrik stansiyasının (ES) ardından "Şahdağ" ES-in tikilərək istismara verilməsi böyük əhəmiyyət kəsb etmişdir. Belə ki, stansiyanın işə qoşulması bölgənin elektrik enerjisi təchizatının kəmiyyət və keyfiyyətcə yaxşılaşmasında, o cümlədən sistemin dayanıqlığının artırılmasında da əhəmiyyətli rol oynayır. Həmçinin, bölgənin sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda bu stansiya “Şahdağ” Qış-yay Turizm kompleksinin elektrik enerjisi təchizatını da həyata keçirir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2014-cü ilin dekabr aynda müəssisədə 42,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmidir.  Yeri gəlmişkən, ötən il ərzində isə 415,4  milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə də elektrik enerji istehsalı üzrə digər texniki göstəricilər üzrə müsbət nailiyyətlər əldə edilmişdir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində kollektiv səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər”, – deyən mənbə onu da qeyd etdi ki, texniki qulluq işləri stansiyanın təmir briqadası tərəfindən aparılır. Belə ki, elektrik stansiyasında porşen tipli mühərriklərdən ibarət olan aqreqatlara nəzərdə tutulmuş bütün texniki xidmətlər qrafikə uyğun, vaxtında göstərilır. O cümlədən, ötən ilin son üç ayı ərzində bir neçə mühərrikdə növbəti istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmişdir. Generatorların  hamısı normal iş rejimində fəaliyyət göstərir. Hazırda generator aqreqatlarında reqlamentə uyğun nəzərdə tutulmuş texniki baxış  işləri həyata keçirilir. Ümumiyyətlə, stansiya dispetçer qrafikinə uyğun fəaliyyət göstərir.

Sonda onu da qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi, burada da mövcud iqlim şəraiti ilə bağlı  yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, yanğınsöndürmə vasitələrinə, yanğına qarşı su təchizatına növbədənkənar baxış keçirilmiş, ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Ümumiyyətlə, yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur.

Xatırladaq ki, ümumi gücü  105 MVt olan “Şahdağ” elektrik stansiyası 12 aqreqatdan ibarətdir.