ANIM TƏDBIRI KEÇIRILIB

Image

Bu gün “Azərenerji” ASC-də 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə əlaqədar “20 Yanvar günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzidir” mövzusunda tədbir keçirildi.

Tədbir 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Tədbirdə çıxış edənlər xalqımızın həyatında və yaddaşında dərin iz qoymuş, onun sonrakı taleyinə güclü təsir göstərmiş hadisələr sırasında 1990-cı ilin 20 Yanvarının - Qanlı Yanvarın özünəməxsus yeri olduğunu, bu hadisənin təkcə çoxsaylı insan tələfatına, ölçüyəgəlməz mənəvi itkilərə və maddi dağıntılara səbəb olmuş faciə kimi deyil, həm də ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinin şərəf və qəhrəmanlıq səhifəsi kimi səciyyələndirdilər. Onu da qeyd etdilər ki, bu ictimai zorakılıq və hərbi vəhşilik xalqımızın milli oyanışını, onun azadlıq və müstəqillik arzularını boğmağa yönəlsə də, bir nəticə vermədi və əksinə, bu arzuları daha da alovlandırdı, milli istiqlalın gerçəkləşdirilməsi uğrunda mücadiləyə misilsiz təkan verdi.

Çıxış edənlər Qanlı Yanvar hadisələrinə də ilk dəfə hüquqi-siyasi qiymətin Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildiyini, Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndiyini, ölkəmizin sürətlə inkişaf etdiyini, ordumuz gücləndiyini vurğuladılar.

Tədbirin sonunda 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirildi.