ENERJİ TƏHLÜKƏSİZLİYİ YÜKSƏK SƏVİYYƏDƏ TƏMİN EDİLİR
Abşeron yarımadası üzrə, xüsusilə Paytaxtın enerji təminatının stabilliynin və dayanıqlığının daha da möhkəmləndirilməsinin təmin edilməsi məqsədilə bir sıra enerji obyektlərində sistem əhəmiyyətli təmir-bərpa işləri qrafikə uyğun yerinə yetirilib və hazırda bu istiqamətdə işlər davam etdirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən “Abşeron Regional Elektrik Şəbəkəsi”ndən (REŞ) ötən ilin son aylarında görülmüş işlər barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, 110 kV-lik “Puta” yarımstansiyasında 3 saylı 31,5 MVA-lıq transformator 40 MVA-lıqla əvəzlənərək yarımstansiyanın gücü artırılmışdır. Eyni zamanda bu yarımstansiyada 35 kV-lik hava elektrik verilişi xəttinin (HEVX) yağ açarı vakuum açarla əvəz edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, 500 kilovoltluq “Abşeron” yarımstansiyasında 220 kV-lik 7-ci “Abşeron” HEVX-nin yuvası köçürülmüş, açıq paylayıcı quruluşda isə müxtəlif təyinatlı yenidənqurma işləri həyata keçirilmişdir. Eyni zamanda Bakı şəhərinın mərkəzi hissəsinin enerjitəchizatının dayanıqlılığında mühüm rol oynayan 220 kV-lik “Müşviq” yarımstansiyasında həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar 110 kV-lik 1-ci və 2-ci “Yasamal”, 1-ci “Dağlıq” HEVX-lərin yarımstansiyadakı elektrik avadanlıqları dəyişdirilmişdir. Bütün bunlarla yanaşı 220 kV-lik “Səngəçal” yarımstansiyasında 2 saylı 125 MVA avtotransformatorun 10 kV-lik kabel xətti dəyişdirilmiş, boşaldıcı quraşdırılmış, yağ açarı isə vakuum açarı ilə əvəz edilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə “Hövsan”, “Nizami”, “Zabrat”, “Maştağa” və digər yarımstansiyalarda da yenidənqurma layihəsi çərçivəsində müxtəlif təyinatlı təmir işləri həyat keçirilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 110 kV-lik “8 km” yarımstansiyasında yeni 10 kV-lik qapalı paylayıcı quruluşun və yeni tikilən 220 kV-lik “Böyük-Şor” yarımstansiyasının tikintisi də davam etdirilir.
Müəssisənin balans mənsubiyyətinə aid olan hava elektrik verilişi xətlərində (HEVX) də bir çox təmir-bərpa işlərinin yerinə yetirlməsini bildirən mənbə, onu da qeyd etdi ki, sözügedən dövrdə 110 kV-lik 2 dövrəli 4-cü və 5-ci “Şimal” HX-nin tikintisi başa çatdırılmış, 110 kV-lik 2 dövrəli 1-ci və 3-cü “Maştağa” HX-də yenidənqurma işləri isə davam etdirilir. Yeri gəlmişkən, 110 kV-lik 2 dövrəli 1-ci və 2-ci “Zığ”, 1-ci “Əhmədli” HX-də də yenidənqurma işləri isə davam etdirilir.
Sonda digər layihələr barəsində məlumat verən mənbə onu da bildirdi ki, yerinə yetirlən və hazırda davam etdirilən təmir-bərpa işləri enerjisistemin təhlükəsiziliynin yüksək səviyyədə təmin edilməsi istiqamətində atılan mühüm addımdır və bu işlər davamlı olaraq yerinə yetiriləcəkdir.