İŞLƏR UĞURLA DAVAM EDİR

Image

Səmərəliliyi yüksək olmaqla yanaşı tikinti müddətinin də azlığını nəzərə alaraq, Dövlət başçımızın diqqət və qayğısı sayəsində elektrik enerji sisteminin respublika iqtisadiyyatının sürətli inkişafının qabaqlamasını təmin etmək məqsədilə postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə generasiya güclərinin paylanmış struktur konsepsiyasını əsas götürərək porşen tipli mühərriklərlə təmin olunmuş generatorlardan ibarət olan generasiya gücləri tikilərək istismara verilmişdir. Belə enerji obyektlərindən biri də “Astara” elektrik stansiyasıdır. “Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, elektrik enerjisinin istehsalı, eyni zamanda tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində müəssisə kollektivi səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Mənbəyə istinadən qeyd edək ki, bütün enerji obyektlərində olduğu kimi burada da mövsümə hazırlıq çərçivəsində təmir-bərpa işləri yerinə yetirilib. Bütün avadanlıqlar yoxlanılmış, mühafizələr qaydaya salınmışdır. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də tədbirlər görülmüşdür.

Onu da qeyd edək ki, stansiyada aqreqatların hamısı saz vəziyyətdədir. İstismar səviyyəsinin yüksək həddə saxlanılmasını təmin etmək üçün texniki məsələlərə diqqətlə yanaşılır, vaxtlı-vaxtında texniki baxışlar keçirilir və zəruri operativ tədbirlər görülür. Belə ki, tələbatçıların daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində son üç ay ərzində də növbəti istismar həddinə uyğun texniki xidmət işləri həyata keçirilmişdir. Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Elektrik stansiyasından daxil olan məlumatda enerjisinin istehsalı ilə əlaqədar məsələyə toxunularaq qeyd edilir ki, 2014-cü ilin dekabr ayında burada 21,9 milyon kilovatsaata yaxın  elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, ötən il ərzində isə enerji obyektində istehsal 227,2 milyon kilovatsaata yaxın təşkil etmişdir.  Yeri gəlmişkən, həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə də elektrik enerji istehsalı üzrə digər texniki göstəricilər üzrə müsbət nailiyyətlər əldə edilmişdir.

Mənbəyə istinadən onu da qeyd edək ki, digər müəssisələr kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzindədir. Belə ki, yanğın təhlükəsizliyinin təmin edilməsi üçün yanğın su çəninə, nasos qurğusuna, su kəməri şəbəkəsinə və digər avadanlıqlar yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılmış və daimi nəzarətdə saxlanılır. Eyni zamanda işçilərə əks-qəza təlimləri keçirilir. Xatırladaq ki, ümumi gücü  87 MVt olan “Astara” elektrik stansiyası 10 aqreqatdan ibarətdir.