XIRDALAN EŞ: AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR
İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında yenidənqurma və ənənəvi təmir-bərpa işləri yerinə yetirilir. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Xırdalan Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində 2014-cü ilin son üç ayında da mövsümə hazırlıq məqsədilə yenidənqurma və bir sıra təmir işləri yerinə yetirilib. Belə ki, müəssisənin xidmət göstərdiyi Masazır, Hökməli, Güzdək, Müşfiq, Xırdalan və digər yaşayış məntəqələrində 10, 6 və 0,4 KV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri uğurla həyata keçirilimişdir. Eyni zamanda sayğac uçot komplektinə nəzarəin daha da gücləndirilməsi məqəsdilə həyata keçirilən yenidənqurma işləri zamanı SİP kabel xətti çəkilmişdir.
Qeyd edək ki, sözügedən dövrdə balans mənsubiyyətinə aid olan TM və KTM-də müxtəlif təyinatlı təmir işləri görülmüş və tranformatorlar təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur. Bütün bunlarla yanaşı texnoloji itkiləri azaltmaq və transformatorlardan səmərəli istifadə etmək məqsədilə transformatorların gücləri ilə yüklərinin uyğunluğuna baxış keçirilmiş və müvafiq tədbirlər görülmüşdür.
Yeri gəlmişkən, müəssisənin xidməti ərazisində enerji təchizatının daha da dayanıqlı təmin edilməsi istiqamətində görülən işlər davam etdirilir. Hazırki iqlim şəraitini nəzərə alaraq yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə TM və KTM-lərin ərazisi quru otlardan təmizlənmiş, yanğınsöndürmə postları yoxlanılmış və komplektləşdirilmişdir. Eyni zamanda yağ tutumlu avadanlıqların alt hissəsindəki yağ çınqıllar yeni təmiz çınqıllarla əvəz edilmişdir.
Mənbədən əldə edilən digər bir məlumata görə, 2014-cü ilin noyabr ayında “Xırdalan” EŞ-in xidməti ərazisində keçirilmiş reydlər zamanı 155 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 9,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 60,6 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 69 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində isə 2100-dən artıq qayda pozuntusu aktı tərtib olunmuşdur. Müvafiq qaydada hesabat aparılaraq 7 milyon 506,9 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 450,5 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 63 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, 2014-cü ilin noyabr ayında sözügedən EŞ-in xidmət ərazisində 41,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 7,9 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 13 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3,1 milyon kilovatsaata yaxın artaraq 16,5 milyon kilovatsaatdan artıq, ödənişdə mütləq artım isə 17 faizə yaxın olmuşdur. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 11 ayı ərzində isə sözügedən EŞ üzrə istehlak 390,9 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə 2013-cü ililin müvafiq dövrü ilə müqayisədə istehlak 56,1 milyon kilovatsaata yaxın, ödəniş isə mütləq 17 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 141,9 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 15,6 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 13 faiz artmışdır.