YENİDƏNQURMA İŞLƏRİ APARILIR
Rayon elektrik şəbəkələrinin təmirçilər briqadaları ötən ildə həyata keçirdikləri əsaslı və cari təmirləri, qurğu və avadanlıqlarda apardıqları yenidənqurma işləri istehlakçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə imkan verir. Qış mövsümünü qəzasız və yüksək xidmətlə başa vurmaq üçün görülən işlər davam etdirilir.
“Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, “Tərtər Elektrik Şəbəkəsi”nin kollektivi ötən ilin dekabr ayında xidməti ərazilərdə elektrik təsərrüfatına qulluğu davam etdiriblər. Elektrik veriliş xidmətlərinin dayanıqlığını artıqmaq üçün onlar 6-10 kV-lik hissəsində 7,2 km uzunluğunda, 0,4 kV-lik hissəsində isə 4,3 km uzunluğunda əsaslı və cari təmir işləri aparıblar. 17 ədəd 0,4 kV-lik yeni ayırıcı quraşdırıb istifadəyə verib, 2 ədəd yeni dayaq basdırıblar. Bundan əlavə, yeni mənzil sahiblərinin ünvanına 30-a yaxın birfazlı sayğac quraşdırıb, 40-a yaxın sayğacı isə yenisi ilə əvəz ediblər.
«Gəncə REŞ» MMC-nin struktur bölməsi olan “Şəmkir Elektrik Şəbəkəsi”nin kollektivi dekabr ayında müəyyən təmir işlərini həyata keçirib. Rayon mərkəzində və kəndlərdəki 6-10 kV-lik elektrik veriliş xətlərində 2,2 km-ə yaxın, 0,4 kV-lik xətlərdə isə 1,8 km-dən artıq cari və əsaslı təmir işləri görülüb. Şəmkirli energetiklər yarımstansiyalardakı transformatorları təftiş etdikdən sonra zərurət yaranan transformatorlara yağ əlavə ediblər. Bununla yanaşı AC-50 markalı 4 min metr naqil xətlərin müəyyən hissələri dəyişdirilərkən istifadə olunub. Onlar həmçinin ay ərzində digər xətt armaturlarını da dəyişdiriblər.
“Qazax Elektrik Şəbəkəsi”nin kollektivi payız-qış mövsümü üçün nəzərdə tutulmuş tədbirləri bütövlükdə yerinə yetirib. Kollektivin üzvləri həmçinin xətt və avadanlıqların texniki vəziyyətinin yaxşılaşdırılması, dayanıqlığın yüksəldilməsi istiqamətində də müvafiq işləri həyata keçiriblər. Dekabr ayında isə 6-10 və 0,4 kV-lik elektrik veriliş xətlərində əsaslı və cari təmirlərini davam etdiriblər. Onlar 8 ədəd transformatorun fəaliyyətini bərpa ediblər.