YENİDƏNQURMA İŞLƏRİ UĞURLA DAVAM EDİR

Image

Ötən il “Şirvan REŞ” MMC-nin balans mənsubiy­yətinə daxil olan şəbəkələrdə əsaslı yenidənqurma işlərinin həyata keçirilməsi bölgə əhalisinin və iqtisadiyyatın elektrik enerjisi ilə daha dayanıqlı şəkildə təchiz edilməsinə imkan yaradıb. Enerji təchizatçıları qış mösümündə yarana biləcək problemlərin qarşısının vaxtında alınması məqsədilə transformator məntəqələrində, elektrik verilişi xətlərində zəruri texniki işləri indi də planauyğun olaraq ardıcıllıqla davam etdirirlər.

“Sabirabad Elektrik Şəbəkə­si”ndən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumatda bildirilib ki, Mu­radbəyli, Əsgərbəyli, Yuxarı Ax­taçı, Qasımbəyli, Yeni Novruzlu kəndlərinin enerji təsərrüfatında yenidənqurma işləri aparılıb, 0,4 kV-lik şəbəkə tamamilə yenilənib. Həmin kəndlərin elektrik enerjisi 110/35/10 kV-lik “Sabir­abad” yarımstansiyasından çıxan 10 kV-lik III “Şəhər” xətti vasitəsilə təchiz olunur. Hazırda bu xətt üzrə davam etdirilən yenidənqurma işləri başa çatmaq üzrədir, abonentlər smart-kart tipli say­ğacla təchiz olunur. Yenidən­qurma tədbirləri çərçivəsində 740 ədəd 10 kV-lik, 1200 ədəd 0,4 kV-lik dayaq dəyişdirilib, 56 ədəd müxtəlif güclü transformator yenidən qurulub. Təmir işlərinin bu ilin I rübündə tamamlanması nəzərdə turulub”, - deyən mənbə qeyd edib ki, yenidənqurma işləri Sabirabad şəhəri, Kürkəndi, Qa­lağayın, Suqovu­şanlı və Əsədli kəndlərində də həyata keçirilib. Adıçəkilən yaşayış məntəqələrində 13800 abonentə smart-kart tipli sayğac quraşdırılıb ki, bunlardan 12360-ı məişət abonenti (əhali) istehlakçıları qrupuna aiddir. Ötən ilin noyabr ayından isə rayonun Xəlfəli, Şəhriyar kəndlərinin elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb. Bu kəndlərdə təxminən 1000-dən çox abonentə smart-kart tipli sayğac quraşdırılacaq. Təmir işlərinin bu ilin III rübündə tamamlanması nəzərdə tutulur. “Sabirabad” EŞ-də elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısını vaxtında almaq üçün mütəmadi olaraq reydlər keçirilir. Belə ki, ötən ilin on bir ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 1480-dən artıq istehlakçının sayğac-uçot komplektində qüsur aşkar edilərək, 2 milyon 777,7 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 166,7 min manata yaxın istehlak dəyəri bərpa edilib, bu məbləğin 90 faizə yaxını ödənilib, qalan hissənin ödənilməsi üçün tədbirlər görülür.

Yenidənqurma işləri “Şirvan REŞ” MMC-nin balans mən­subiy­yətinə daxil olan İmişli və Saatlı elektrik şəbəkələrində də aparılır.

“İmişli” EŞ-dən verilən məlumatda bildirilib ki, son dövrlər ərzində rayon mərkəzində 9500-ə yaxın abonent smart-kart tipli sayğacla təmin edilib, burada 150 km uzunluğunda 0,4 kV-lik SİP-kabel çəkilib. Keçən ilin yanvar ayından rayonun Bəhramtəpə və Hacıbabalı kəndlərində 10-0,4 kV-lik şəbəkənin yenidən qurulmasına başlanılıb. Yenidənqurma tədbirləri çərçivəsində 35 km-dən çox SİP-kabel çəkilib, 650 abonentə smart-kart tipli sayğac quraşdırılıb, 265 ədəd 10 kV-lik dayaq dəmir-beton dayaqla əvəz olunub. Bu ilin yanvar ayından isə ra­yonun Mərzəli, Qaradonlu, Xubyarlı və Çaxırlı kəndlərində 10-0,4 kV-lik şəbəkənin yenidən qurulmasına başlanılacaq. Bu yaşayış məntəqələrində 1300 abonentə smart-kart tipli sayğac quraşdırılması nəzərdə tutulub. İmişli EŞ-də ötən il payız-qış mövsümünə hazırlıqla əlaqədar mühüm tədbirlər də həyata keçirilib: 10-0,4 kV-lik xətlərdə 150 ədəd dəmir-beton dayaq basdırılıb, 58 ədəd ağac dayaq yenisi ilə əvəz edilib, 80 ədəd ağac dayaq dəmir-beton kötüklərə bərkidilib.  İstehlakçıların daha da dayanıqlı elektrik təminatının yaxşılaşdırılması məqsədlilə yerinə yetirilən tədbirlər sırasına yarımstansiyalarda həyata keçirilmiş təmir işləri də daxildir. Ötən il 35/6 kV-lik “Çahar” yarımstansiyasında əsaslı təmir işləri aparılıb, burada 4 MVA-lıq transformator yenisi ilə əvəz olunub. 35/10 kV-lik “Muğan” yarımstansiyasında isə 6,3 MVA transformator əsaslı təmir olunub. 35/10 kV-lik “Rəsullu” yarımstansiyasında da analoji işlər görülüb. Qışa hazır­lıq­la əlaqədar ayrı-ayrı kəndlərdə 25 ədəd 10/0,4 kV-lik güc transformatoru əsaslı təmir olunub.

“Saatlı” EŞ-dən aldığımız məlumata görə isə, rayonun Azad­kənd yaşayış məntəqəsində elektrik enerjisi təsərrüfatı tamamilə yenidən qurulub. Burada 40 km uzunluğunda 0,4 kV-lik SİP-kabel, 27 km uzunluğunda 10 kV-lik EVX çəkilib, 360 abonent smart-kart tipli sayğacla təchiz olunub. Bu xətlərdə 800-ə qədər dayaq basdırılıb. Yenidənqurma işləri təqribən bir il çəkib və ötən ilin mart ayında tamamlanıb. Həmin vaxtdan analoji işlər Qara Nuru kəndində davam etdirilib. Hazırda bu kənddə 1300 abonentdən yarıdan çoxuna smart-kart tipli sayğac quraşdırılıb, 25 km məsafədə 0,4 SİP-kabel, 14 km məsafədə 10 kV-lik EVX çəkilib, bu xətlərdə 630 dayaq dəyişdirilib. Hazırda mü­əs­sisənin xidməti ərazisində yenidənqurma və təmir-tikinti işləri uğurla davam etdirilir.