“QUSAR”DA MÖVSÜMƏ HAZIRLIQ
Respublika ərazisində fəaliyyət göstərən enerji obyektlərində həyata keçirilən təmir-bərpa işləri onu deməyə imkan verir ki, fövqəladə hallar istisna olmaqla bu mövsümdə də istehlakçılar elektrik enerjisindən istifadə zamanı problemlə qarşılaşmayacaqlar.
Ölkənin gözəl guşələrindən biri hesab edilən Qusar rayonunun enerji təchizatında müstəsna rolu olan eyni adlı elektrik şəbəkəsi burada yaşayan əhalinin elektrik enerjisi ilə dayanıqlı təminatı ilə həmişə gündəmdə olub.
Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən rayon və onun ətraf zonalarını qidalandıran elektrik verilişi xətləri (EVX) və tranformator məntəqələri müntəzəm olaraq yoxlanılır və lazımi tədbirlər yerinə yetirilir. Yeni naqillərin çəkilişi və dayaqların basdırılması qış fəslində gözlənilən buzlaşmadan sınma və sıradan çıxma hallarının qarşısının alınmasında mühüm rol oynayır.
Məlumatda o da bildirilir ki, sözügedən müəssisə üzrə 2014-cü ilin noyabr ayındakı ümumi istehlak 2013-cü ilin eyni dövründəki istehlak ilə müqayisədə 1,7 milyon kilovatsaata yaxın artaraq 8 milyon kilovatsaatdan çox olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 3,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 118 min kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ödəniş isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə mütləq 11 faizdən çox artmışdır.
Onu da qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində isə sözügedən EŞ üzrə ümumilikdə 71,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 14,9 milyon kilovatsaata, ödəniş isə mütləq 29 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2013-cü ilin eyni dövründəki istehlak ilə müqayisədə 780 min kilovatsaata yaxın artaraq 29,3 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstəricidən mütləq 7 faizə yaxın artmışdır.
Mənbədən əldə edilən digər bir məlumata görə, 2014-cü ilin noyabr ayında burada keçirilmiş reydlər zamanı 57 istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 39,9 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 2,4 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 21 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 11 ayı ərzində isə 290-a yaxın qayda pozuntusu faktı aşkar olunmuş, 271 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 16,2 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 36 faizdən artıq hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.