TƏMİR KAMPANİYASI UĞURLA YERiNƏ YETİRİLİR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetiklərin ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Qəbələ Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də xidməti ərazilərində bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, müvafiq tədbirlər sözügedən REŞ-in fəaliyyət dairəsinə məxsus olan Göyçay elektrik şəbəkəsində də uğurla yerinə yetirilib. Belə ki, 2014-cü ilin son üç ayı ərzində istehlakçıların elektrik enerjisinə olan tələbatının daha da keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə 10 və 0,4 kV-lik HX-lərində təmir işi görülərək xəttin trassası yaşıl kütlədən təmişlənmiş, naqillərin qabariti bərpa edilmışdir. Eyni zamanda elektrik xətlərində izolyatorlar və naqillərin yeniləri ilə əvəz edilməsi ilə yanaşı, dayaqlar da düzəldilmişdir.
Məlumat üçün bildirək ki, cari ilin son 3 ayı ərzində 27,8 kilometr 10 kV-lik EVX-də əsaslı və cari təmir işləri görülmüşdür.
Qeyd edək ki, müxtəlif təyinatlı təmir işləri EŞ-in balans mənsubiyyətinə daxil olan TM-lərdə də aparılmış və eyni zamanda bir neçə transformatorda əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir. Ümumiyyətlə, icra edilmiş müxtəlif təyinatlı təmir-bərpa işləri enerji daşıyıcıların dayanıqlığını daha da artırmış və iş qabiliyyətini daha da gücləndirmişdir.
Mənbəyə istinadən onu da qeyd edək ki, 2014-cü ilin noyabr ayında Göyçay EŞ-in xidməti ərazisində keçirilmiş reydlər zamanı 14 qayda pozuntusu aşkar edilərək akt tərtib olunmuşdur. Aktlar üzrə müvafiq qaydada hesabat aparılaraq 43,5 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 2,6 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Onu da qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində burada 170-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 532,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 31,9 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.
Məlumatda o da bildirilir ki, həyata keçirilən tədbirlər nəticəsində müəssisənin digər texniki iqtisadi göstəricilərində müsbət dinamika müşahidə edilmişdir. Belə ki, müəssisə üzrə 2014-cü ilin noyabr ayındakı ümumi istehlak 2013-cü ilin eyni dövründəki istehlak ilə müqayisədə 991 min kilovatsaatdan çox artaraq, 8,4 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə 2013-cü ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda 5,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 796 min kilovatsaat çoxdur. Hesabat ayında ödəniş isə 2013-cü ilin eyni dövrü ilə müqayisədə mütləq 7 faizdən çox təşkil etmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, 2014-cü ilin 11 ayı ərzində müəssisə üzrə ümumilikdə 85,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 8,8 milyon kilovatsaata, ödəniş isə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda bu göstəricilər müvafiq olaraq 53.7 milyon kilovatsaata və 6.5 milyon kilovatsaata yaxın olmuşdur. 2013-cü ilin eyni dövrü ilə müqayisədə hesabat dövründə ödəniş isə artaraq mütləq 8 faizə yaxın olmuşdur.