ZƏRURİ TƏDBİRLƏR İCRA OLUNUR

Image

Ötən ildə bəzi qəza açılmaları və təmir işləri istisna olmaqla elektrik enerjisindən istifadə zamanı fasiləyə yol verilməyib. Müəyyən yerlərdə, əsasən də kəndlərdə açıq naqillərin həyətlərdən keçməsi səbəbindən məftillər ağaclara dəyir və texniki itkilərlə yanaşı, həm də insanlar üçün təhlükə mənbəyinə çevrilirdi. Artıq əvvəlki vəziyyətdən əsər-əlamət qalmayıb. Mənzərə tamamilə dəyişib. Bütün naqillər kabellərlə əvəz olunub.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumatda belə qeyd edilir və o da bildirilir ki, İmişli Elektrik Şəbəkəsinin xidməti ərazisində həyata keçirilmiş zəruri tədbirlər texniki itkilərin və elektrik ener­jisindən qeyri-qanuni istifadə hallarının qarşısının alınmasına müsbət təsirini göstərib. Belə ki, 2014-cü ilin noyabr ayında sözügedən müəssisənin xidməti ərazilərində istehlakçıların Elektrik enerjisindən istifadə qaydalarına riayət etməsi ilə bağlı keçirilmiş reydlər zamanı 174 istehlakçının sayğac uçot komplektində qüsur  aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılaraq 500,4 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 30 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həmin bu məbləğin 40 faizdən artıq hissəsinin  hesabat ayında ödənişi təmin edilmişdir.

Qeyd edək ki, 2014-cü ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 1105-dən artıq qayda pozuntusu faktı aşkar edilərək müvafiq qayda da aktlar tərtib edilmişdir. Nəticədə 2 milyon 405,7 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 144,4 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hesabat dövrü ərzində həmin bu məbləğin 70 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir. Qalıq məbləğin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Onu da qeyd edək ki,  elektrik enerjisindən qeyri-qanuni istifadə ilə bağlı mübarizə də şəbəkə kollektivinin əsas fəaliyyət istiqamətlərinə daxildir. Bunun üçün açıq naqillərin kabellə əvəzlənməsi, kabel çəkilən yerlərdə itkilərin aşağı düş­məsi nəzərə alınaraq transformatorlar yükə uyğun yenisi ilə dəyişdirilir.

Eyni zamanda, həyata keçirilən işlər müəssisənin digər texniki-iqtisadi göstəricilərinə də müsbət təsir göstərir. 2014-cü ilin noyabr ayında müəssisə üzrə 22,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 2,8 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 2 faizdən çox artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 9.5 milyon kilovatsaata və 3.7 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 2 faizdən çox olmuşdur.

Yeri gəlmişkən, 2014-cü ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində 196 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 67,7 milyon kilovatsaata yaxını daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 11.1 milyon kilovatsaata, ödəniş isə mütləq 10 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali qrupunda istehlak 2013-cü ilin eyni dövrü ilə müqayisədə 14,8 milyon kilovatsaatdan, ödəniş isə mütləq 11 faizdən çox artmışdır.