İTKİLƏR AZALDILIR

Image

Hacıqabul Elektrik Şəbəkəsində (EŞ) istismar işləri də nəzərdə tutulan qrafik üzrə aparılır. Dayaqlar daha keyfiyyətliləri ilə əvəz olunur, zərurət yaranan ərazilərdə məftillər dəyişdirilir. Bundan başqa, daha çox yüklənən transformator məntəqələrinin yükü azaldılır, həmin istehlakçılar digər TM-lərə qoşulur. Bu da itkilərin azalması və dayanıqlığın daha da möhkəmləndirilməsi baxımından müsbət təsirə malikdir. Eyni zamanda müəssisənin xidməti ərazisində aparılan yenidənqurma işləri çərçivəsində 2014-cü ilin son üç ayında koaksal  kabel xətti çəkilmiş, 10, 6 və 0.4 kV-lik xətlərin müəyyən hissəsi təmir edilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövrdə balans mənsubiyyətinə aid transformator məntəqələrində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş və bir neçə transformatorda əsaslı təmir edilərək istehlakçıların istifadəsinə verilmişdir. Ümumilikdə isə sözügedən təsərrüfatın balans mənsubiyyətinə aid olan EVX, yarımstansiya və TM-lərdə mövsümə hazırlıq çərçivəsində bütün lazımi tədbirlər icra olunur.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumatda belə qeyd edilir və o da bildirilir ki, 2014-cü ilin noyabr ayında müəssisə üzrə ümumilikdə 11,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 38 min kilovatsaata yaxın azdır. Ödəniş isə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali qrupu üzrə istehlak 2013 –cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 145 min kilovatsaata yaxın artaraq 4,5 milyon kilovatsaata yaxın olmuşdur.

Yeri gəlmişkən, 2014-cü ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində 120,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 38.2 milyon kilovatsaata yaxını daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 10,2 milyon kilovatsaatdan, ödəniş isə mütləq 20 faizdən çox artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak 2013-cü ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon kilovatsaata yaxın azalmış, ödənişdə mütləq artım10 faizə yaxın olmuşdur.

Mənbədən onu da bildirdilər ki, şəbəkənin istismar səviyyəsinin yaxşılaşdırılması, kabel xətlərinin çəkilməsi, vaxtaşırı reydlərin keçirilməsi və digər qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq elektrik enerjisindən qeyri-qanuni istifadə halları var və ona qarşı sərt tədbirlər görülür. Belə ki, 2014-cü ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 770-ə yaxın istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 733.2 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 164 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğin 60 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

O cümlədən, 2014-cü ilin noyabr ayında isə 80-a yaxın qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 208,3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 12,5 min manatdan cox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 52 faizdən çox hissəsinin ödənişi təmin edilmişdir.

Sonda onu da qeyd edək ki, digər müəsissələr olduğu kimi sözügedən EŞ-in  əməkdaşları da həmişə olduğu kimi, bundan sonra da  istehlakçılara göstərilən  xidmətin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində tədbirləri davam etdirəcəklər.