TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Respublikamızda enerji sisteminin mövcud potensialının səmərəliliyinin artırılmasında, elektrik energetikası təsərrüfatının yenidən qurulmasında və yeni güclərin yaradılması istiqamətində görülən işlər də ölkəmizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə, sənaye potensialının artırılmasına çox güclü təkan verir. Belə güclərdən biri də ötən il istismara verilmiş, ümumi gücü 780 meqavat gücündə “Cənub” Elektrik Stansiyasıdır.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin noyabr ayında stansiyada 377,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Eyni zamanda, cari ilin 11 ayı ərzində stansiyada 4 milyard 46,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Onu da qeyd etmək yerinə düşərdi ki, stansiya istismara verildiyi vaxtdan bu günə kimi (01.12.2014-cü ilə kimi) burada 5 milyard 214,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, sözügedən dövrdə elektrik enerji istehsalının digər texniki göstəricilərində də yüksək nəticələr əldə edilmişdir.
Xatırladaq ki, bu stansiyada enerji təhlükəsizliyi prinsipinə görə digər analoji stansiyalardan fərqli olaraq, bu stansiyada üç yanacaq növündən - qaz, mazut və dizel yanacağından istifadə edilməsinə imkan verən texnologiyalar tətbiq edilmişdir. Bu stansiyanın Abşeron yarımadasının və cənub bölgəsinin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsində, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin daha da dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var.