ŞƏKİ ES: HAZIRLIQ İŞLƏRİ UĞURLA DAVAM ETDİRİLİR

Image

Son illər enerjisistemdə həyata keçirilən nəhəng layihələr ölkənin iqtisadi qüdrətindən xəbər verməklə yanaşı, həm də dövlətin öz vətəndaşlarına göstərdiyi böyük qayğının təzahürüdür. Ən müasir texnologiyaların tətbiqi ilə tikilərək istifadəyə verilmiş Şəki Elektrik Stansiyası şimal-qərb bölgəsinin əhalisi üçün böyük töhfədir. Bölgəyə nur paylayan bu generasiya gücü regionun elektrik enerjisi ilə təchizatının dayanıqlığını təmin edir, sosial-iqtisadi inkişafa təkan verir.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, stansiyada cari ilin noyabr ayında 24,8 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir. Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə 246,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində ötən ildə olduğu kimi cari ilin 11 ayı ərzində də elektrik enerji istehsalı üzrə digər texniki göstəricilər üzrə müsbət nailiyyətlər əldə edilmişdir.

“Tələbatçılara keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsində kollektivimiz səylə çalışır, aqreqatlarda aparılan texniki xidmət işlərində də fəal iştirak edirlər. Məhz onun nəticəsidir ki, cari ildə də aqreqatlarda plansız boş dayanma halları qeydə alınmamışdır” – deyən mənbə onu da qeyd etdi ki, son üç ay ərzində altı porşen tipli aqreqatda əsaslı təmir işləri aparılmış, iki porşen tipli aqreqatda isə növbəti istismar həddinə uyğun olaraq proflaktik təmir işləri həyata keçirilmişdir.

Hazırda aqreqatlar dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.

Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, təmir-bərpa işləri ilə yanaşı abadlıq, yaşıllaşdırma işlərinə də xüsusi diqqət yetirilmişdir. Eyni zamanda işçilərin iş şəraitinin yaxşılaşdırılması istiqamətində də işlər həyata keçirilmişdir.  Bütün bunlarla yanaşı cari ildə də heyətin istismar və bilik səviyyəsinin yüksəldilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Belə ki, stansiyada yanğın əleyhinə hazırlığın daim  yüksək səviyyədə saxlanılması üçün avadanlıqlar, o cümlədən nasos qurğularının işlək vəziyyətdə olması vaxtaşırı yoxlanılır, işçilər təlimatlandırılır və onlarla məşqlər keçirilir.

Sonda onu da qeyd edək ki, istehlakçılara daha keyfiyyətli və dayanıqlı elektrik enerjisinin ötürülməsi, proqnozların uğurla yerinə yetirilməsi üçün kollektiv böyük əzmkarlıqla çalışır.

Xatırladaq ki, ümumi gücü  87 MVt olan bu elektrik stansiyası 10 aqreqatdan ibarətdir.