AĞCABƏDİ EŞ: TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Digər Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi Ağcabədi EŞ-in də xidməti ərazisindəki istehlakçıların daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində son illər mühüm addımlar atılıb. Həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində müəssisənin texniki-iqtisadi göstəriciləri yüksəlir. Kollektiv şəbəkənin texniki-istismar səviyyəsini daim nəzarətdə saxlayır, tədbirlər planına əsasən yenidənqurma işlərini həyata keçirir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, 2014-cü ilin noyabr ayında Ağcabədi EŞ üzrə 26,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 2.6 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq son hədlik göstəricini də üstələyib. O cümlədən, daimi əhali qrupu üzrə istehlak ötən ilin eyni dövründəki istehlakdan 63 min kilovatsaata yaxın azalaraq 4,7 milyon kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizdən çoxdur.

Yeri gəlmişkən, cari ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində 276.1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 15,5 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 10 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali qrupunda istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 5,5 milyon kilovatsaata yaxın artaraq 41,8 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə mütləq 5 faizə yaxın artmışdır.

Mənbədən əldə edilən digər məlumata görə, sözügedən EŞ-in xidməti ərazisində cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 270-ə yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 2 milyon 251 min kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 135 min manatdan çox istehlak dəyəri bərpa edilmişdir.

Onu da qeyd edək ki, sözügedən müəssisənin xidməti ərazisində cari ilin 11 ayı ərzində keçirilmiş reydlər zamanı 2700-dən artıq qayda pozuntusu faktı aşkar olunmuşdur. Nəticədə 12 milyon 66 min  kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 724 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcun da müəyyən hissəsinin ödənişi təmin edilmişdir.