TƏMİR KAMPANİYASINDA PROBLEM YOXDUR
İstehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, qurğu və avadanlıqlarda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması Tovuz rayonu energetiklərinin ən mühüm vəzifələrindən birinə çevrilib. Mövsüm ilə əlaqədar bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Belə ki, Tovuz Elektrik Şəbəkəsinin xidməti ərazidə istehlakçıların elektrik enerjisinə olan tələbatının daha keyfiyyətli şəkildə təmin edilməsi məqsədilə 2014-cü ilin on bir ayı ərzində şəbəkənin xidməti ərazisində olan transformator məntəqələri əsaslı və cari təmirdən çıxarılıb. 10-6-0,4 kilovoltluq elektrik verilişi hava xətlərində yenidənqurma, əsaslı və cari təmir işləri aparılıb. Eyni zamanda, şəbəkənin balansında olan 330, 110, 35, 10, 6 kilovoltluq hava xəttinə baxış keçirilib, xəttin mühafizə zolağına düşən budaqlar təmizlənib.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, Tovuz EŞ-in xidmət ərazisində cari ilin noyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki istehlak ilə müqayisədə 2 milyon kilovatsaatdan çox artaraq 14.7 milyon kilovatsaata yaxın olmuşdur. Ümumi ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 6,9 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 1,9 milyon kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq bir faizdən çox artmışdır.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə ümumilikdə 128,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehklak 10.9 milyon kilovatsaatdan çox, ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 54 milyon kilovatsaatdan çox və 5,6 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 5 faizə yaxın artmışdır.
“Cari ilin arxada qalan ayları ərzində enerji itkisinin, israfçılığının qarşısının alınması istiqamətində də müvafiq işlər həyata keçirilib. Təkcə onu qeyd etmək yerinə düşər ki, Tovuz Elektrik Şəbəkəsinin əməkçiləri rayon mərkəzində və kəndlərində həyətyanı sahələrdən xeyli sayda sayğacı xüsusi qutularda, baxış üçün maneəsiz yerə çıxarıblar. Şəbəkənin xidməti ərazisində yeni tikilmiş fərdi yaşayış evlərinə də birfazlı sayğac quraşdırılaraq vətəndaşlara elektrik enerjisi verilib” – deyən mənbə onu da bildirdi ki, burada cari ilin noyabr ayında keçirilmiş reydlər zamanı 40-dan artıq istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək 274,4 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 16,5 min manartdan çox istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğin 31 faizə yaxın hissəsinin ödənişi təmin edilmişdir.
Qeyd edək ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə 360-dan çox qayda pozuntusu aşkar edilərək 1 milyon 904.3 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 114,2 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində hecabat dövründə həmin bu məbləğin 49 faizə yaxın hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi üçün müvafiq tədbirlər görülür.
Yeri gəlmişkən onu da qeyd edək ki, Tovuz Elektrik Şəbəkəsi nəzərdə tutulan mövsümə hazırlıq işlərini tam həcmdə yerinə yetirib. Hazırda isə baş verə biləcək qəzaların qarşısının alınması istiqamətində xətt və avadanlıqlarda profilaktik işlər həyata keçirilir.