AVADANLIQLARA VƏ XƏTLƏRƏ QULLUQ DAVAM EDİR

Image

Gəncə REŞ-in tabeliyində fəaliyyət göstərən şəbəkə rayonlarında qış mövsümünü normal başa vurmaq üçün zəruri tədbirlər ardıcıllıqla həyata keçirilir. Şəmkir Elektrik Şəbəkəsi də bu mənada istisna deyil. Kollektiv başa çatmaqda olan 2014-cü ildə xətt və avadanlıqlarda bir sıra yeniləşmə işlərinə imza atmış, dövrün mütərəqqi istismar forması olan smart-kart tipli sayğacların quraşdırılmasını davam etdirmişlər. Hazırda da avadanlıqlara və xətlərə qulluq davam etdirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumata görə, Şəmkir EŞ üzrə cari ilin noyabr ayındakı ümumi istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 1,1 milyon kilovatsaata yaxın azalaraq 28.3 milyon kilovatsaata yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 12,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 3.3 milyon kilovatsaata yaxın çoxdur. Hesabat dövründə ödəniş isə ötən ilin eyni dövrü ilə müqayisədə mütləq bir faizə yaxın artmışdır.

Onu da qeyd edək ki, cari ilin 11 ayı ərzində müəssisə üzrə ümumilikdə 312 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə 2013-cü ilin müvafiq dövründəki göstərici ilə müqayisədə istehlak 23 milyon kilovatsaatdan, ödəniş isə mütləq 3 faizdən çox  artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin eyni dövründəki  istehlak ilə müqayisədə 20,6 milyon kilovatsaata yaxın artaraq 102,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizdən çox artmışdır.

Mənbədən əldə etdiyimiz digər bir məlumatda o da qeyd edilir ki, cari ilin noyabr ayında sözügedən müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 120 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və 1 milyon 77,8 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 64,7 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 11 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 660-a yaxın istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilərək 6 milyon 154,8 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 369,3 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Yeri gəlmişkən qayda pozuntularının təsnifatı və istehlakçı qrupu barədə əldə etdiyimiz məlumata istinadən bildirək ki,  yenə də kənar xətt vasitəsilə elektrik enerjisindən istifadə edilməsi halı üstünlük təşkil etmiş və ən çox məişət abonenti (əhali) istehlakçı qrupunda qayda pozuntusu  aşkar edilmişdir.