PAYLAYICI ŞƏBƏKƏLƏRDƏ YENİDƏNQURMA İŞLƏRİ DAVAM ETDİRİLİR

Image

Son illər ölkə iqtisadiyyatında baş verən dinamik inkişaf davamlı xarakter kəsb edir. O cümlədən infrastruktur layihələrin həyata keçirilməsinə də xüsusi diqqət yetirilir. Bu baxımdan, elektrik energetikası sahəsində baş verən yeniliklər, bir-birinin ardınca yeni güc mərkəzlərinin - elektrik stansiyalarının, yarımstansiyaların, elektrik verilişi xətlərinin tikilməsi də müsbət hal kimi xarakterizə olunur. Bununla belə, əksər yaşayış məntəqələri üzrə aşağı gərginlikli paylayıcı elektrik şəbəkələri uzun illərdən bəridir istismar olunur. Paylayıcı xətlərin yenidən qurulması zərurətə çevrilib. Son vaxtlar respublikamızın bir sıra şəhər və rayon mərkəzlərində, o cümlədən Gəncə şəhərində 10, 6 və 0,4 kilovoltluq şəbəkələr tamamilə yenidən qurulub. Açıq naqillərin əvəzinə daha təhlükəsiz və müasir SİP kabellər çəkilib, əvvəlcədən ödənişli smart-kart tipli say­ğaclar quraşdırılıb. Bu da həmin ərazilər üzrə əvvəlki illərlə müqayisədə texniki itkilərin azalması ilə nəticələnib.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumatda belə qeyd edilir və o da bildirilir ki, cari ilin noyabr ayında Gəncə EŞ-in xidmət ərazisində 102,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 3 milyon kilovatsaata yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon kilovatsaatdan çox artaraq, 15,6 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır.

Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 11 ayı ərzində isə müəssisə üzrə istehlak 1 milyard 85,5 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 16 milyon kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 141.3 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da 2013-cü ilin eyni dövründəki istehlakdan 13.2 milyon kilovatsaat çoxdur. Ödəniş isə 2013-cü il ilə müqayisədə mütləq 10 faizdən çox artmışdır.

“Reydlər zamanı sayğacların dövlət möhürlərinin zədələnməsi, müdaxilə edilən sayğaclar istehlak edilmiş elektrik enerjisinin bir hissəsinin qeydə alınmaması, sayğacdan kənar xətdən istifadə və digər qüsurlar aşkar olunur. Həmin istehlakçılara qarşı daha sərt tədbirlər görülür” – deyən mənbə onu da bildirdi ki, cari ilin noyabr ayında müəssisənin xidməti ərazisində həyata keçirilmiş reydlər zamanı 4 istehlakçının elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları üzrə tərtib edilmiş aktlar üzrə müvafiq qaydada hesabatlar aparılaraq, 59 min  kilovatsaata yaxın itirilmiş elektrik enerjisinin 3,5 min manatdan artıq istehlak dəyəri bərpa edilmişdir. Hesabat ayında həmin bu məbləğlə yanaşı ötən aylardan aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmişdir.

Qeyd edək ki, cari ilin 11 ayı ərzində isə burada 65-dən artıq qayda pozuntusu akt tərtib olunmuş, 745,2 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 44,7 min manata yaxın istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində hesabat  dövründə həmin bu məbləğlə yanaşı ötən ildən aktlara görə yaranmış debitor borcunda müəyyən hissəsinin ödənişi təmin edilmiş və aktlara görə yaranmış debitor borcun qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər görülür.

Sonda onu da qeyd edək ki, həyata keçirilən tədbirlər elektrik enerjisinin ötürücü və paylayıcı şəbəkələrdə keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına, şəbəkələrdə ən müasir avadanlıqların quraşdırılmasına və nəticədə istismar səviyyəsinin xeyli yüksəlməsinə səbəb olacaq.