TƏMİR İŞLƏRİ YERİNƏ YETİRİLİR
“Azərenerji” ASC-nin bütün enerji obyektlərində olduğu kimi “Mingəçevir Regional Elektrik Şəbəkəsi”nin (REŞ) tabeliyində olan Ağdam Elektrik Şəbəkələrinin (EŞ) balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM) və enerjidaşıyıcı xətlərdə təmir işləri uğurla həyata keçirilmişdir. REŞ-dən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, avadanlıqların iş səmərəliliyinin artırılması məqsədilə bir sıra əsaslı təmir və texniki təftiş işləri aparılmış, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsinin, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, Ağdam Elektrik Şəbəkəsində oktyabr-noyabr aylarında istismar sahəsində xeyli iş görülüb. 10 kV-lik hava xətlərində, Çalağan, Alıbəyli və Böyükbəyli kəndlərində, eyni zamanda yol çəkilişilə bağlı xətlərin dəyişdirilməsilə əlaqədar 20-dən artıq 10 kV-lik beton-dayaq yenisi ilə əvəz olunub. Bu məqsədlə 670 kiloqram müxtəlif markalı naqildən istifadə edilib. 12 ədəd 0,4 kV-lik dəmir-beton işlədilib. Müəyyən xətlərdə naqillər, traverslər və izolyatorlar yeniləri ilə əvəzlənib.
Ağdam EŞ-də iki ay ərzində 30-dan artıq transformator təmir edilib ki, bunun da 8-i işıqlanma xidmətində, 23-ü isə subartezian quyularının enerji təminatında istifadə olunur. Həmçinin bu müddətdə 105-dən artıq sayğac yenisi ilə əvəzlənib, fərdi abonentlərin isə ünvanlarına 30-dan artıq yeni birfazlı sayğac quraşdırılıb. Rayonda inşa edilən 632 saylı qəsəbəyə 632 ədəd Smart-kart tipli sayğac qoyulub və bir ədəd 35/10 kV-lik yeni müasir tipli yarımstansiya istismara verilib.
Qeyri-qanuni istifadənin, oğurluq hallarının qarşısını almaq məqsədilə həyətlərdə yerləşən 140-a yaxın sayğac xüsusi qutuda daha münasib yerlərdə quraşdırılıb. Şəbəkədə enerji istehlakı ötən ilin 11 ayı ilə müqayisədə cari ilin 11 ayında elektrik enerjisinin istehlak dəyərinin ödənişi mütləq 4 faiz artıq olub.
Sonda onu da qeyd edək ki, rayonun elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər keyfiyyəti və istismar səviyyəsini daha da yüksəldib.