TEXNİKİ İQTİSADİ GÖSTƏRİCİLƏR QƏNAƏTBƏXŞDİR

Image

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, ölkə elektrik enerjisi sisteminin flaqmanı sayılan Azərbaycan İstilik Elektrik stansiyasının (İES)  kollektivi cari ilin 11 ayını da yüksək işgüzarlıq əhval-ruhiyyəsi ilə yola salıblar. O cümlədən, noyabr ayının göstəriciləri  də qənaətbəxşdir.  Belə ki, cari ilin 11 ayı ərzində burada 6 milyard 843,1 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.

Qeyd edək ki, cari ilin noyabr ayında isə stansiyada 713 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.

Yeri gəlmişkən, həyata keçirilən müxtəlif proflaktik tədbirlər nəticəsində avadanlıqların istismar səviyyəsi daha da  yüksəlmişdir ki, bu da elektrik stansiyasında digər texniki iqtisadi göstəricilərdə də yüksək nəticələrin əldə olunmasına imkan vermişdir. Hazırda stansiya dispetçer  qrafikinə uyğun fəaliyyətini davam etdirir.

Mənbə onu da bildirdi ki, digər enerji müəssisələrində olduğu kimi,  “Azər­baycan” İES-də də həmişə olduğu kimi, cari ildə də qışa hazırlıq prosesi başa çatdırılıb.  2014-2015-ci il mövsümə hazırlıq üzrə kompleks tədbirlər planı, demək olar ki, tam icra edilib.  Həmçinin lazımi rejim tədbirləri, proflaktiki yoxlama və sınaq işləri də həyata keçirilmişdir.

Eyni zamanda, ətraf mühitin hərarəti aşağı olduqda texnoloji avadanlıq və qurğuların zədələnməsinin qarşısını almaq məqsədilə stansiyada əməli tədbirlər həyata keçirilib.

Yanğın təhlükəsizliyi ilə əlaqədar verilən məlumatda isə bildirilir ki, stansiyada yanğınsöndürmə su xətləri və nasosxana saz vəziyyətə gətirilmiş, avtomatik yanğınsöndürmə sistemləri təftiş edilmiş, ərazi quru otlardan təmizlənmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.