TƏMIR DAVAM EDIR

Image

2014-cü ilin başa çatmasına saylı günlər qalıb. Respublikamızın enerji təsərrüfatlarında başa çatmaqda olan ilin yekunları nəzərdən keçirilir, xırda kəm-kəsirlər aradan qaldırılır. Əhaliyə və iqtisadiyyatın tələb olunan sahələrinə daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi vermək üçün şəbəkələrdə hər zaman yenidənqurma, cari və əsaslı təmirləri həyata keçirilir.

Ağcabədi elektrik şəbəkəsindən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, son vaxtlar 40 ədəd 0,4 kV-lik ayırıcı quraşdırılıb, xeyli sayda ayırıcı isə yenisi ilə əvəz olunub. «Ağca­bədi-2» yarımstansiyasında 10 MVA transformator yenisi ilə əvəz edilib və yağ açarı cari təmirdən çıxarılıb. Qış mövsümünə hazırlıqla əlaqədar 35/10 kV-lik «Şərab-zavod» yarımstansiyasında 4 MVA transformator təzələnib, «Şoltanlı» yarımstansiyasındakı bütün yağ açarlarının çıxış fiderləri dəyişdirilib, zəruri hallarda yağ əlavə olunub.

Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısını almaq məqsədilə şəhər mərkəzində, rayonun Kəbirli, Təzəkənd, Qaravəlli kəndlərində fərdi həyətlərdə yerləşən 400-dən çox say­ğacın xüsusi qutuda baxış üçün əlverişli yerlərə köçürülməsi təmin edilib. 0,5 kilometr məsafədə 10 kV-lik EVX-nin naqili təzələnib. 110/35/10 kV-lik «Ağcabə­di» yarımstansiyasında 10 kV-lik yuvaların yağ açarlarının 80%-i vakuum açarları ilə əvəz olunub. «Müşfiq» hava xəttinin müəyyən hissəsi də yenilənib. «Taci­kistan» hava xəttinin isə fəaliy­yətinə mane olan ağac budaqları xətt ətrafından təmizlənib.

Həm dəyişdirilən, həm də yeni qoyulan sayğacların sayı rayonda üç mindən çoxdur. «Hindarx-2» yarımstansiyası əsaslı təmirdən çıxarılıb. 35/10 kV-lik «Səhər» yarımstansiyasında vakuum açarları, transformatorlar cari təmir olunub.

 

Mənbədən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirlir.