YENİDƏNQURMA İŞLƏRİ APARILIR

Image

İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yarımstansiyalarda, ötürücü qurğularda əsaslı və cari təmir işlərinin yerinə yetirilməsi, itkilərin azaldılması energetklərin  ən mühüm vəzifələrindən biridir. Digər enerji obyektlərində olduğu kimi “Gəncə Regional Elektrik Şəbəkəsi”nin (REŞ) də  xidməti ərazilərində  bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilir. Ən əsası isə respublika enerjisistemi üçün strateji əhəmiyyətə malik sistem təşkiledici şəbəkə xüsusi diqqət mərkəzindədir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən sözügedən REŞ-in xidməti ərazisində cari ilin son üç ayı ərzində görülmüş işlər barəsində Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki,  müəssisənin balans mənsubiyyətinə aid olan 35 kV-lik 1-ci və 2-ci Göyğöl hava xəttlərinin (HX) hər birinin 1,1 kilometrə yaxını, 1-ci və 2-ci Quşçuluq hava xətlərinin (HX) isə hər birinin 1,2 kilometrə yaxını kabel xətti ilə əvəzlənmişdir. Bütün bunlarla yanaşı digər 35 kV-lik və ondan yuxarı gərginlikli elektrik verilişi hava xətlərində (EVHX) sözügedən dövr ərzində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda metal dayaqların qaynaq birləşmələrinə baxış keçirilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmış və hava xətlərinin trassası yaşıl kütlədən təmizlənmişdir. Qeyd edilən işlər mütəmadi olaraq davam etdirilir.

Mənbə onu da qeyd etdi ki, sözügedən dövrdə 35 kV-lik Süzgəc yarımstansiyasında gücü 3,2 MVA olan transformator əsaslı təmir edilərək yerinə quraşdırılmış, 110 kV-lik Gəncə-2 yarımstansiyasında isə yenidənqurma işlərinə başlanılmış və işlər davam etdirilir.

Yeri gəlmişkən, sözügedən dövrdə 35 kV-lik Şəmkir-2 yarımstansiyasında 2 saylı transformator yeni 3,2 MVA gücündə transformatorla və 10 kV-lik girişdə yağ açarları vakkum açarla əvəz edilmişdir. Eyni zamanda 110 kV-lik Dəlilər Dartıcı yarımstansiyasında isə  1-ci Zavod HX-nin yuvası yenidən qurularaq bərpa edilmişdir.

Digər təmir işlərindən danışan mənbə onu da bildirdi ki, sözügedən dövrdə 110 kV-lik Ağstafa, Qovlar, İstilik, Daşkəsən, 35 kV-lik Tatlı, Ağstafaçay, Poylu və digər bir neçə yarımstansiyada, transformatorlarda və digər elektrik avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, HX-lərin yağ açarları vakkum açarla əvəzlənmişdir.

Onu da qeyd etmək yerinə düşərdi ki, digər müəssisələrdə olduğu kimi burada da yanğın təhlükəsizliyi tədbirləri daim diqqət mərkəzindədir. Belə ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq sistem təşkiledici 110-500 kV-lik yarımstansiya və EVX-lərə növbədənkənar baxışlar keçirilir, ərazidən quru otlar təmizlənmiş, yarımstansiyaların bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılaraq normal səviyyəyə gətirilmiş və digər qabaqlayıcı tədbirlər görülmüşdür.

Sonda onu da qeyd edək ki, Gəncə, Göygöl, Samux, Daşkəsən, Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy EŞ-lərin xidməti ərazilərində yerləşən 10, 6 və 0,4 kV-lik şəbəkələrdə də cari ilin son üç ayı ərazisində böyük həcmdə yenidənqurma işləri aparılmış və bu işlər hazırda da davam etdirilir.