REYDLƏR KEÇİRİLİB
Sayğac uçot komplektinə nəzarətin gücləndirilməsi, istehlakçıların elektrik enerjisindən təyinatı üzrə istifadə etmələri, onlar arasında aparılan təbliğat işinə baxmayaraq, hələ də bu və ya digər şəkildə sayğac sxeminə müdaxilə halları var. Bu da sonda itkilərin artmasına və ödəniş səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu pozuntu faktları tərəfimizdən vaxtında aşkar edilir və həmin istehlakçılara qarşı sərt tədbirlər görülür.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ildə “Ağsu” elektrik şəbəkəsinin (EŞ) xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və hesabat aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
“İstehlakçıların daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, o cümlədən qayda pozuntularının qarşısının alınması üçün digər müəssisələrdə olduğu kimi, sözügedən müəssisənin xidməti ərazisindəki paylayıcı şəbəkələrdə də yenidənqurma və təmir işləri aparılır”, – deyən mənbə cari ilin son üç ayı ərzində görülmüş işlər barəsində məlumat verdi. Yeri gəlmişkən, təmir kampaniyası müəssisənin balans mənsubiyyətinə aid olan transformator məntəqələrindən (TM) də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə bəzi TM-lərdə yenidənqurma, əsaslı və cari təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı, müxtəlif gücdə bir neçə transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında sözügedən müəssisənin xidmət ərazisində 3,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 270 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak 2,2 milyon kilovatsaata yaxın olmuşdur. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə istehlak 157 min kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 8 faizə yaxın olmuşdur.
Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin eyni dövründəki istehlakla müqayisədə 4,4 milyon kilovatsaata yaxın artaraq 39,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 10 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə isə 20,4 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,2 milyon kilovatsaat çoxdur. Ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur.