MÖVSÜMİ TƏMİR İŞLƏRİ DAVAM ETDİRİLİR
“Azərenerji” ASC-nin bütün enerji obyektlərində olduğu kimi, “Tərtər” və “Tovuz” elektrik Şəbəkələrinin (EŞ) balans mənsubiyyətinə aid olan transformator məntəqələrində (TM) və enerjidaşıyıcı xətlərdə təmir işləri uğurla həyata keçirilmişdir. Sözügedən EŞ-lərdən “Azərenerji” ASC-nin Mətbuat xidmətinə verilən məlumata görə, avadanlıqların iş səmərəliliyinin artırılması, həmçinin enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin sabit və dayanıqlı işləməsinin, istismar səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir.
Mənbəyə istinadən qeyd edək ki, Tərtər rayonunun elektrik təsərrüfatına məxsus olan 110/35/6 kV-lik «Tərtər», 35/10 kV-lik «Dəmirlər», «Sarıcalı», «İsmayılbəyli» yarımstansiyalarında 10 kV-lik və 35 kV-lik yağ açarları cari təmir edilib. 35/6 kV-lik «Tərtər» yarımstansiyasında bir ədəd 10 MVA transformator yenisi ilə əvəz olunub. Bundan əlavə, 10(6)/0,4 kV-lik transformator məntəqəsinin 90-a yaxını təmirdən çıxarılıb. 10 kV-lik hava xəttində 70-ə yaxın, 0,4 kV-lik hava xəttində isə 65-dən artıq dayaq yenisi ilə əvəzlənib.
Tovuz rayonunda oktyabr ayında elektrik şəbəkəsinin istismarçıları 10-6-0,4 kV-lik EVX-də 620 metr uzunluğunda yeni naqil çəkib, 360 metr SİP kabeli işlədiblər. Yeddi ədəd metal dayaq quraşdırılıb. 6 güc transformatoru təmir edilərək yerinə qoyulub və şəbəkəyə qoşulub. Mənbələrdən daxil olan məlumata istinadən qeyd edək ki, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və istismar zamanı mövcud olan digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirlir. Sonda onu da qeyd edək ki, rayonların elektrik enerjisi ilə təchizatı sahəsində görülən zəruri tədbirlər keyfiyyəti və istismar səviyyəsini daha da yüksəldib.