“OĞUZ EŞ”: TƏMİR İŞLƏRİ APARILIB
Görülən bütün məqsədyönlü tədbirlər həm enerji itkisinin qarşısının alınmasında, həm istehlakın dəqiqləşdirilməsində, həm də ümumi ödənişin artmasında öz müsbət nəticəsini göstərməkdədir.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayında “Oğuz” elektrik şəbəkəsinin xidməti ərazisində həyata keçirilmiş təmir işləri zamanı 10 kV-lik xətlərin müəyyən hissəsi təmir edilmişdir. Buraya sözügedən gərginlikli “Şəhər”, “Qumluq”, “Padar” və digər xətlərdə aparılan işlər aiddir. Eyni zamanda həmin bu müddətdə 0,4 kV-lik xətlərdə aparılan müxtəlif təyinatlı təmir işləri zamanı xətlərin müəyyən hissəsində əsaslı və cari təmir edilmişdir. Mənbəyə istinadən qeyd edək ki, təmir işləri müəssisənin balans mənsubiyyətinə aid TM-lərdən də yan ötməmişdir. Belə ki, sözügedən dövrdə TM-lərlə yanaşı müxtəlif gücdə transformatorlar da təmir edilərək istifadəyə verilmişdir. Qeyd edək ki, yenidənqurma və təmir işləri ilə yanaşı xətlərə mane olan yaşıl kütlə təmizlənmiş, TM və KTM-lərdə avadanlıqlar təftiş edilmişdir.
Mənbənin elektrik enerjisindən qeyri qanuni istifadə hallarının qarşısının alınması istiqamətində həyata keçirilmiş tədbirlər barəsində verdiyi məlumatda o da bildirilir ki, cari ilin 10 ayı ərzində, o cümlədən, oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların “Elektrik Enerjisindən İstifadə Qaydaları”nı pozması faktı aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbədən əldə etdiyimiz digər bir məlumata görə, “Oğuz EŞ” üzrə cari ilin oktyabr ayında 6,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 519 min kilovatsaat çoxdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ödənişdə mütləq artım 6 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu üzrə 1,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki göstəricidən 323 min kilovatsaat çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq bir faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində isə 58,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,2 milyon kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə 4 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 10,9 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,4 mln. kilovatsaat çoxdur. Ödənişdə mütləq artım isə 7 faiz olmuşdur.
Sonda onu da qeyd edək ki, yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə də müvafiq tədbirlər həyata keçirilib. Belə ki, yarımstansiyada açıq paylayıcı quruluş (APQ) və TM-lərin ətrafı otlardan təmizlənmiş, kabel kanalları kipləndirilmiş, yağ tutumlu avadanlıqlarda sızmalar aradan qaldırılmış, hava xəttinin əkin sahələrində dayaqların dibi otlardan təmizlənmişdir.