MÜVAFİQ TƏMİR-BƏRPA İŞLƏRİ APARILMIŞDIR
İstehlakçıların elektrik enerjisinə olan tələbatını tam və keyfiyyətli şəkildə ödəmək məqsədilə generasiya güclərinin artırılması ilə yanaşı, paylayıcı elektrik şəbəkələrinin də genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. “Xaçmaz Elektrik Şəbəkəsi”ndə (EŞ) də istehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi məqsədilə paylayıcı elektrik verilişi xətlərində, transformator məntəqələrində nəzərdə tutulmuş əsaslı və cari təmir işlərinin vaxtında yerinə yetirilməsi, sərf olunmuş enerjinin dəyərinin vaxtında ödənilməsi üçün kollektiv öhdələrinə düşən işi layiqincə yerinə yetirmək üçün bütün qüvvələrini səfərbər etmişlər. Həyata keçirilmiş təmir-bərpa işləri qış mövsümündə rayonun enerji təchizatında avadanlıq və xətlərin dayanıqlı işləməsinə səbəb olacaqdır.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, müəssisə üzrə cari ilin oktyabr ayında ümumilikdə 13,5 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 555 min kilovatsaat çoxdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 8 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 8,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 98 min kilovatsaata yaxın artmış, eyni zamanda ödənişdə mütləq artım isə 2 faizdən çox olmuşdur. Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 milyon kilovatsaatdan çox artaraq 127,2 milyon kilovatsaatdan artıq olmuşdur. Ödənişdə mütləq artım isə 6 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 73.3 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 932 min kilovatsaatdan çox artmış, ödənişdə mütləq artım isə bir faizə yaxın olmuşdur.
Sonda onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində yanğın təhlükəsizliyi ilə bağlı mütəmadi tədbirlər həyata keçirilir. O cümlədən, TM-lərin ərazisi quru otlardan təmizlənir, yağ tutumlu avadanlıqlarda yağın səviyyəsi, girimlərdə təzyiqlərin və transformatorlarda temperaturun norma həddində saxlanması təmin edilir. EVX-lərin trassası ağac və digər yaşıl kütlələrdən, dayaqların ətraflarının quru otlardan təmizlənməsi işləri aparılır.