TƏDBİRLƏR DAVAM EDİR
Bütün enerji müəssisələri xidməti ərazilərində istismar səviyyəsinin yüksəldilməsi, eyni zamanda qarşıdan gələn payız-qış mövsümünə hazırlıq məqsədilə yenidənqurma işləri və müxtəlif təyinatlı sistem əhəmiyyətli təmir işləri həyata keçirirlər.
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, cari ilin son üç ayı ərzində “Biləsuvar EŞ”in balans mənsubiyyətinə aid paylayıcı şəbəkələrdə yenidənqurma işləri həyata keçirilmiş, eyni zamanda 10 və 0,4 kV-lik EVX-də əsaslı təmir işləri aparılmışdır.
Qeyd edək ki, sözügedən dövrdə balans mənsubiyyətinə aid TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Eyni zamanda müxtəlif gücdə bir neçə transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin oktyabr ayında “Biləsuvar EŞ”in xidmət ərazisində 5 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 270 min kilovatsaata yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 521 min kilovatsaatdan çox artaraq 3,2 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 3 faizdən çox artmışdır. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak 73,4 milyon kilovatsaatdan çox olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 278 min kilovatsaata yaxın azdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 3,2 milyon kilovatsaata yaxın artaraq 34,1 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 7 faizdən çox artmışdır.
“Rayonda elektrik enerjisindən qeyri-qanuni istifadə edən istehlakçılara qarşı sərt tədbirlər görülür. Təbliğat işinin normal səviyyədə qurulmasına da ciddi diqqət yetirilir”, – deyən mənbə cari ilin 10 ayı ərzində burada keçirilmiş reydlər zamanı aşkar edilmiş qayda pozuntusu, bərpa edilmiş itirilmiş elektrik enerjisinin istehlak dəyəri və həmin bu məbləğin ödənişi barəsində də məlumat verdi. Sonada onu da qeyd edək ki, müəssisənin xidməti ərazisində reydlər, yenidənqurma və təmir işləri intensiv olaraq davam etdirilir.