ENERJİ TƏCHİZATI DAHA DA YAXŞILAŞDIRILIR
“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, digər müəssisələrdə olduğu kimi «Salyan Elektrik Şəbəkəsi»nin (EŞ) də xidməti ərazisində istehlakçılara xidmətin səviyyəsinin daha da yüksəldilməsi, texniki itkilərin azaldılması və s ilə əlaqədar həyata keçirilən təmir-bərpa işləri cari ilin son üç ayında da uğurla davam etdirilmişdir. Belə ki, sözügedə vaxtda 10, 6 və 0,4 кV-lik xətlərdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Bütün bunlarla yanaşı müəssisənin balansında olan müxtəlif gücdə xeyli transformator da təmir edilərək təkrar şəbəkəyə qoşulmuşdur.
Onu da qeyd etmək yerinə düşərdi ki, balans mənsubiyyətinə aid TM-lər üzrə də bir sıra tədbirlər yerinə yetirilib. EŞ-in xidməti ərazilərində vaxtında həyata keçirilmiş hazırlıq işləri hazırkı iqlim şəraitində elektrik enerjisinin daha da keyfiyyətli və dayanıqlı ötürülməsi üçün geniş imkan yaradıb.
Mənbə onu da bildirdi ki, burada yanğın təhlükəsizliyi tədbirləri diqqət mərkəzindədir. Belə ki, HX-lərin trassası və TM-lərin əraziləri quru otlardan, yağ tutumlu avadanlıqların ətrafı çirkli yağ örtüyündən təmizlənmişdir. Eyni zamanda mühafizə avadanlıqlarının nəzarət və ölçü cihazları təftiş edilmiş və aşkar edilmiş qüsurlar aradan qaldırılmışdır.
Mənbə sözügedən EŞ-in xidməti ərazisində cari ildə keçirilmiş reydlər, aşkar edilmiş qayda pozuntuları və görülmüş tədbirlərlə yanaşı, onu da bildirdi ki, müəssisə üzrə cari ilin oktyabr ayında ümumilikdə 21,6 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 867 min kilovatsaat çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə 6 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 931 min kilovatsaatdan çox artmış, eyni zamanda ödənişdə mütləq artım isə 4 faiz olmuşdur.
Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində isə ümumi istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 21 milyon kilovatsaata yaxın artaraq 256 milyon kilovatsaatdan çox olmuşdur. Hesabat dövründə ümumi ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 10 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 62.7 milyon kilovatsaatdan artıq olmuşdur. Nəticədə ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 2 milyon kilovatsaatdan çox azalmış, ödənişdə mütləq artım isə 2 faizə yaxın olmuşdur.