İstehsalın həcmi dispetçer yük qrafiki əsasında müəyyənləşir

“Azərenerji” ASC-nin Enerjinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda bildirilir ki, ölkəmizin ən böyük enerji istehsalçısı olan “Azərbaycan İstilik Elektrik Stansiyası”nın kollektivi cari ilin doqquz ayının, həmçinin cari ilin üçüncü rübünün və sentyabr ayının proqnozlarına artıqlamasilə əməl edib.
Stansiyanın enerji bloklarının və avadanlıqlarının dayanıqlı və qənaətli iş rejimi bu müddətdə təmin edilib, elektrik enerjisi istehsalı dispetçer yük qrafikinə uyğun həyata keçirilib. Bununla yanaşı, əsas avadanlıqların zədələnməsinə və sıradan çıxmasına səbəb ola biləcək qəza və imtina hallarına yol verilməyib, texniki qulluq tədbirləri vaxtında keyfiyyətlə yerinə yetirilib.
2015-ci ilin doqquz ayı ərzində 5 milyard 651 milyon kVt-saatdan çox elektrik enerjisi istehsal olunub. Üçüncü rüb üçün istehsal göstəricisi də uğurludur. Üçüncü rübdə 2 milyard 59,3 milyon kilovat-saat elektrik enerjisi hasil edilərək enerjisistemə ötürülüb. Energetiklər ayrıca sentyabr ayında 650 milyon 731 min kVt-saat elektrik enerjisi istehsal ediblər.
Stansiya kollektivi ilin ötən ayları ərzində elektrik enerjisinin xüsusi sərfində qənaətə nail olublar. Bu müddətdə mütəmadi olaraq enerji bloklarının və avadanlıqların istismarı ilə yanaşı, onlarda təmir və profilaktiki yoxlama-sınaq işləri də aparılıb. Ətraf mühitin mühafizəsi, yanğın, texniki təhlükəsizlik və əməyin mühafizəsi tədbirləri həyata keçirilib.
Hər il olduğu kimi, bu il də stansiyada qarşıdakı payız-qış mövsümünə hazırlıq işləri də görülüb. Təsdiq olunmuş təmir qrafikinə və «Azərbaycan enerji sisteminin 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıq tədbirləri haqqında» «Azərenerji» ASC-nin 11 mart 2015-ci il tarixli əmri ilə təsdiqlənmiş kompleks Tədbirlər Planına uyğun olaraq stansiyanın birinci və ikinci enerji bloklarında əsaslı, digər enerji bloklarında isə planlı cari təmir işləri aparılıb.
Həmçinin 330 kV-lik yarımstansiyada bütün eleqaz açarları cari, 500 kV-lik yarımstansiyada 6 ədəd hava açarı cari, üç ədəd hava açarı və beş ədəd hava kompressoru isə əsaslı təmirdən çıxarılıb.
Hazırda “Azərbaycan İstilik Elektrik Stansiyası”nda sutka ərzində dispetçer yük qrafikinə uyğun olaraq 15-17 milyon kilovat-saat elektrik enerjisi istehsal edilir. 2015-2016-cı illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar digər işlər davam etdirilir.