AVADANLIQLAR NÖVBƏTİ MÖVSÜMƏ HAZIRDIR

Image

İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə,  “Şirvan Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, cari ilin son üç ayı ərzində xeyli transformator əsaslı təmir edilərək istehlakçıların xidmətinə verilmişdir.

Qeyd edək ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılmış, istismara yararsız naqillər yeniləri ilə əvəz edilmişdir. Yeri gəlmişkən, təsdiq edilmiş plan-qrafikdə nəzərdə tutulmuş və digər təmir-bərpa işlərinin müvəffəqiyyətlə həyata keçirilməsi istiqamətində hazırda tədbirlər davam etdirilir.

Mənbədən əldə edilən digər bir məlumata görə, cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılmış və itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir. Onu da bildirək ki, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.

“İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, istehlak edilmiş elektrik enerjisinin haqqının ödənişinin son hədlik göstəriciyə çatdirilması, eyni zamanda sayğac sxemlərinə müdaxilə hallarının qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür”, – deyən mənbə onu da bildirdi ki,  sözügedən EŞ-in xidməti ərazisində cari ilin oktyabr ayında 28 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə istehlak 1,8 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 9 faizə yaxın olmuşdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 milyon kilovatsaata yaxın artaraq 3,8 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 11 faizə yaxın artmışdır. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində sözügedən EŞ üzrə istehlak 299,6 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 23,7 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 5 faizdən çox artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak  ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 6 milyon kilovatsaata yaxın artaraq 40,5 milyon kilovatsaata yaxın olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki gostərici ilə müqayisədə mütləq 11 faizə yaxın artmışdır.