İSTİSMARIN SƏVİYYƏSİNİ DAHA DA YÜKSƏLTMƏK ÜÇÜN

Image

Ötürücü infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi elektrik enerjisinin istehlakçılara dayanıqlı şəkildə keyfiyyətlə çatdırılması üçün mühüm şərtdir. Bu məqsədlə son illərdə paylayıcı elektrik şəbəkələrində görülən işlərin həcmi xeyli genişləndirilib.

“Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan  məlumatda belə qeyd edilir və bildirilir ki,  “Goranboy Elektrik Şəbəkəsi”nin (EŞ) xidməti ərazisində qışa hazırlıq işləri diqqət mərkəzindədir. Bu məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. Belə ki, Goranboy şəhərinin 58-ci məhəlləsində 160 kVA-lıq transformator 250 kVA-lıq transformatorla əvəz olunmaqla istehlakçıların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təminatı yaxşılaşdırılıb. Bundan başqa, elektrik verilişi xətlərinin dayaqlarında möhkəmləndirmə və bərpa işləri də şəbəkənin təmirçilər briqadası tərəfindən həyata keçirilib. Rayonun Təhlə, Aşağı Ballıqaya, Qızıl­hacılı, Balakürd kəndlərini elektirk enerjisi ilə təchiz edən 10 kV-lik xətlərdə metal dayaqlar düzləndirilib, naqillər dartılıb və 6 ədəd yeni beton dayaq basdırılıb. Tap­qaraqoyunlu kəndini elektrik enerjisi ilə qidalandıran 10 kV-lik “Əzizbəyov” və “II Subartezian” hava xətlərinin 1000 metr məsafəsində yaşıl kütlədən təmizlənmə işləri aparılıb. Eyni zamanda 35 kV-lik “Dəliməmmədli” yarımstansiyasından çıxan 10 kV-lik “Ferma” hava xəttində iki ədəd dayaq dəmir-beton dayaqla əvəz olunub, boşalmış naqillər dartılaraq taraz vəziyyətə gətirilib. 10 kV-lik “Faxralı” hava xəttindəki transformator məntəqəsindən çıxan 0,4 kV-lik hava xətti yenisi ilə əvəz olunub. Müxtəlif güclü transformator məntəqələrinə yeni ayırıcılar quraşdırılıb. Bütün bunlarla yanaşı 110 kV-lik “Səmədabad”, 10 kV-lik “Xoylu”, 35 kV-lik “Dəliməm­mədli”, 10 kV-lik “Qazaxlar” hava xətlərindən qidalanan transformator məntəqələrində də müxtəlif təyinatlı təmir işləri həyata keçirilib. Hazırda mövsümə hazırlıq prosesi davam etdirilir.

Mənbədən o da bildirilir ki, təmir işləri zamanı müxtəlif gərginlikdə olan xətlərin trassası yaşıl kütlədən, TM-lərin ərazisi quru otlarından və ərazi quru otlardan və yanğın törədə biləcək tullantılardan təmizlənmişdir. Dayanıqlığın müntəzəm olaraq təmin edilməsi məqsədilə ənənvi təmir-bərpa işləri davam etdirilir.

Əldə edilən məlumata görə, cari ilin 10 ayı ərzində müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı bəzi istehlakçıların sayğac uçot komplektində qüsur aşkar edilmişdir. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırıldıqdan sonra hesabat aparılaraq itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.

Mənbə onu da bidirdi ki, 2014-cü ilin oktyabr ayında sözügedən EŞ üzrə ümumilikdə 16,9 milyon kilovatsaatdan çox elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 421 min kilovatsaat azdır. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə mütləq 74 faizdən çox artmışıdr. O cümlədən, daimi əhali qrupu üzrə bu göstəricilər müvafiq olaraq 4,1 milyon kilovatsaatdan çox və 154 min kilovatsaata yaxın olmuşdur. Ödənişdə mütləq artım isə 8 faizə yaxındır.

 

Yeri gəlmişkən, cari ilin 10 ayı ərzində isə müəssisənin xidməti ərazisində 186,7 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bunun da 37,2 milyon kilovatsaata yaxını daimi əhali istehlakçı qrupuna aiddir. Nəticədə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə ümumi istehlak 8 milyon kilovatsaata yaxın, ümumi ödəniz isə mütləq 4 faizdən çox artmışdır. O cümlədən, daimi əhali qrupunda isə istehlak ötən ilin eyni dövrü ilə müqayisədə 4,4 milyon kilovatsaata yaxın artmış, ödənişdə mütləq artım isə 5 faizə yaxın olmuşdur.