AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİB
Enerjisistemin səmərəli fəaliyyəti üçün lazımi təminatlar yaradılır, elektrik enerjisinin istehsalı və ötürülməsi sisteminin təkmilləşdirilməsi sahəsində çox böyük işlər görülüb, irimiqyaslı yeni layihələr həyata keçirilib və hazırda da bu istiqamətdə işlər uğurla davam etdirilir. Belə layihələrdən olan, generasiya gücləri arasında məxsusi yer tutan “Səngəçal Elektrik Stansiyası” dispetçer qrafikinə uyğun şəkildə istismar edilir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı idarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin oktyabr ayında 89,2 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilmişdir.
“Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri də qənaətbəxşdir”, – deyən mənbə onu da bildirdi ki, cari ilin 10 ayı ərzində isə burada 691 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilmişdir.
“Digər enerji müəssisələrində olduğu kimi, burada da mövsümü normal keçirmək məqsədilə tədbirlər planına uyğun olaraq enerji bloklarında müxtəlif təyinatlı təmir işləri aparılır. Eyni zamanda digər elektrik avadanlıqlarında da profilaktik təmir işləri icra edilir”, – deyən mənbə cari ilın son üç ayı ərzində həyata keçirilmiş işlər barəsində də məlumat verdi.
Mənbəyə istinadən qeyd edək ki, stansiyada bütün işlər günün tələbləri səviyyəsində qurulub. Hazırda fəaliyyətdə olan aqreqatların işlək vəziyyəti normaldır. Sözügedən dövrdə stansiyada istismar edilən aqreqatlarda növbəti istismar həddinə uyğun olaraq texniki xidmət işləri yerinə yetirilmiş, istismar dövründə meydana çıxan qüsurlu hallar operativ şəkildə aradan qaldırılmış və bir daha təkrar baxışdan sonra yenidən istismara buraxılmışdır. Elektrik generatorlarına da texniki qulluq vaxtlı-vaxtında aparılmışdır. Yeri gəlmişkən, aqreqatlarla yanaşı köməkçi avadanlıqlarda da təmir işləri yerinə yetirilmişdir.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar müntəzəm olaraq stansiyanın və yarımstansiyanın ərazisi quru otlardan təmizlənmiş, ilkin yanğınsöndürmə vasitələrinə baxış keçirilmişdir. Eyni zamanda qrafikə uyğun olaraq yanğın texniki-minimum və əks qəza məşqləri də keçirilmişdir.
Xatırladaq ki, ümumi gücü 300 MVt olan “Səngəçal” elektrik stansiyası 18 aqreqatdan ibarətdir. Sözügedən stansiyanın digər stansiyalardan fərqi ondadır ki, burada əsas yanacaq kimi qazdan, istismar təhlükəsizliyi üçün isə ehtiyat yanacaq kimi mazut və dizel yanacağından istifadə edilməsi nəzərdə tutulmuşdur.