“XAÇMAZ ES”: AVADANLIQLARA TEXNİKİ QULLUQ GÖSTƏRİLİR

Image

Şimal bölgəsinin elektrik enerjisinə olan tələbatının ödənilməsində “Xaçmaz Elektrik Stansiyası” xüsusi rol oynayır. İlk fəaliyyət dövründə olduğu kimi, hazırda da burada işlər öz ahəngi üzrə inkişaf edir. Buradakı mühərrik-generatorların və digər köməkçi avadanlıqların texniki vəziyyəti daim nəzarətdə saxlanılır.

“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən stansiyada cari ilin oktyabr  ayında elektrik enerjisinin istehsalı 19,3 milyon kilovatsaatdan artıq olmuşdur. Bu rəqəm cari ilin 10 ayı ərzində isə 219,5 milyon kilovatsaata yaxın təşkil etmişdir.

Onu da qeyd edək ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin  yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik enerji istehsalı üzrə digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilmişdir.

Son aylar ərzində burada görülən işlər haqqında məlumat verən mənbə bildirdi ki, üç mühərrik-generatorda növbəti istismar həddinə uyğun texniki qulluq işləri aparılıb. Qeyd olunan mühərrik-generatorlarda növbəti istismar həddinə uyğun ­aparılan texniki qulluq işləri zamanı onların ikisində mühərrik yağları yenisi ilə əvəz edilmişdir. Eyni zamanda müəyyən modifikasiya işləri də aparılmışdır. Mövsümə hazırlıq çərçivəsində icra edilən təmir-bərpa işləri 110 kV-lik yarımstansiyanın avadanlıqlarında da həyata keçirilmişdir. Ümumiyyətlə isə mövsümə hazırlıqla bağlı tədbirlər planında qrafik üzrə nəzərdə tutulmuş işlər başa çatdırılmışdır. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir. Yeri gəlmişkən, stansiyanın dayanıqlı və təhlükəsiz iş rejimini saxlamaq məqsədilə tərtib edilmiş tədbirlər planına uyğun olaraq işlər qrafik üzrə davam etdirilir.

Məlumatda yanğın təhlükəsizliyinin normalara uyğun olması da diqqətə çatdırıldı. Bildirildi ki, istehsalat və xidmət binalarında yanğın təhlükəsizliyinin vəziy­yətinə baxış keçirilib, yanğın təhlükəsizliyini təmin etmək üçün müvafiq qaydalara uyğun olaraq tədbirlər planı tətbiq edilib.

Müəssisədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına ciddi riayət olunduğunu qeyd edən mənbə onu da bidirdi ki, mövcud texnikanın istismar vəziyyətini müəyyənləşdirmək üçün monitorinqin keçirilməsi də daimi xarakter daşıyır. Bu da istənilən avadanlıqda aşkarlanan qüsurun aradan qaldırılması, zəruri hallarda avadanlıqların yenisi ilə əvəzlənməsi baxımından əhəmiyyətlidir.