MÜVAFİQ TEDBİRLƏR GÖRÜLÜR
“Azərenerji” ASC-nin Mətbuat xidməti bildirir ki, “Şirvan Regional Elektrik Şəbəkəsi”nin tabeliyində olan “Kürdəmir Elektrik Şəbəkəsi” son iki ay ərzində mövsümə hazırlığı gücləndirmək üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirib. Belə ki, 35/10 kV-lik «Mollakənd» yarımstansiyasında bir sıra avadanlıqlar əsaslı təmir edilib. 10 kV-lik elektrik verilişi xəttinin 9 km-ə yaxın hissəsi təmirdən çıxarılıb. Bu işlər 0,4 kV-lik elektrik verilişi xəttində də baş tutub. Belə ki, adı çəkilən xəttin 12 km-dən artıq hissəsi təmir olunub. Transformator məntəqələrində də müvafiq işlər görülüb. Şəbəkədə son aylarda 34 transformator təmirdən çıxarılıb. 0,4 kV-lik hava xəttində 2,8 km kabel xətti çəkilib. Məişət abonenti (əhali) istehlakçıları üçün 410 ədəd birfazlı sayğac quraşdırılıb. Ehtiyac duyulan 11 ədəd transformatora müvafiq həsmdə yağ əlavə edilib.
“Qəbələ REŞ”nin tabeliyində olan « Ağsu Elektrik Şəbəkəsi»ndə də son aylarda, tələbatçıları daha da dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etmək istiqamətində məqsədyönlü addımlar atılıb. Belə ki, şəbəkənin balansında olan 10 kV-lik EVX-də 4,5 km məsafədə təmir işləri görülüb. Bu istiqamətdə 0,4 kV-lik EVX-lərdə də analoji tədbirlər həyata keçirilib. 9,7 km məsafədə təmir baş tutub. Şəbəkədə 17 ədəd transformator məntəqəsində təmir işləri aparılıb. Müxtəlif gücə malik transformatorlara lazımi həsmdə yağ əlavə edilib. Məişət abonenti (əhali) istehlakçıları qrupuna xidmət edən Növcü kəndindəki 40 kVA-lıq, Bico kəndindəki 250 kVA-lıq transformatorlar yeniləri ilə əvəz edilib. Bununla yanaşı, 60-dan artıq *birfazlı qüsurlu sayğac yenisi ilə əvəzlənib, 50-yə yaxın elektron sayğac isə yeni yaşayış evlərinə quraşdırılıb. Əhali və qeyri-əhali sektoruna 60-a yaxın üçfazlı elektron sayğac quraşdırılıb. 10 kV-lik «Cəfərli» hava xəttindən qidalanan Kəndova kəndinin elektrik xətlərində 1,7 km məsafədə təmir aparılmaqla 400 kVA-lıq transformator əsaslı təmir olunub, yağ əlavə edilib. Gürcüvan kəndində 0,4 kV-lik EVX-də 1,1 km məsafədə təmir aparılıb, həmin kənddəki 160 kV-lik transformator isə əsaslı təmirdən çıxarılıb. Aşağı Növcü və Ülgüc kəndinin müxtəlif güclü transformatorları yenisi ilə əvəzlənib.
Ümumiyyətlə, Ağsu rayonunun kənd və qəsəbələrində istehlakçıların daha da keyfiyyətli enerji ilə təmin olunması üçün bir sıra tədbirlər keçirilib. Gürcüvan xəttində 14 km, Rəhimağalı kəndində 2,1 km, Qəsəd kəndində 5 km elektrik verilişi xətti yenidən qurulub. Bu prosesin rayonun Rəhimli, Radar, Bico, Abbasxanlı, Cəlayir kəndlərində də aparılması nəzərdə tutulub.