MÖVSÜMƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR
Istehlakçilara göstərilən xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılması, itkilərin azaldılması qarşıda duran ən mühüm vəzifələrdən biridir. Bu istiqamətdə müvafiq tədbirlər müntəzəm olaraq davam etdirilir. Bütün Elektrik Şəbəkələrində (EŞ) olduğu kimi, “Mingəçevir” EŞ-də də bu istiqamətdə xeyli işlər görülmüş və bu istiqamətdə tədbirlər davam etdirilir. “Azərenerji” ASC-nin Enerji Təchizat İdarəsindən Səhmdar Cəmiyyətin Mətbuat xidmətinə daxil olan məlumata görə, sözügedən müəssisədə mövsümə hazırlıq işləri davam edir, istehlak edilmiş elektrik enerji haqlarının tam ödənilməsi üçün də tədbirlər görülür. Belə ki, cari ilin son üç ayı ərzində müəssisənin balans mənsubiyyətinə aid olan 10, 6 və 0,4 kV-lik hava xətlərində müxtəlif təyinatlı təmir işləri həyata keçirilmiş, eyni zamanda yenidənqurma işləri çərçivəsində 10, 6 və 0,4 kV-lik xətlərdə ümumilikdə dayaq və traves dəyişdirilmişdir. Bütün bunlarla yanaşı sözügedən dövr ərzində müəssisənin balans mənsubiyyətinə aid olan TM-lərdə də müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir. Qeyd edək ki, yenidənqurma və təmir işləri ilə yanaşı xətlərə mane olan yaşıl kütlə təmizlənmiş, TM və KTM-lərdə avadanlıqlar təftiş edilmiş, ərazi quru otlardan təmizlənmişdir.
Əldə etdiyimiz digər bir məlumata görə, burada 10 ay ərzində keçirilmiş reydlər zamanı istehlakçıların elektrik enerjisindən istifadə qaydalarını pozması faktı aşkar edilərək itirilmiş elektrik enerjisinin istehlak dəyəri bərpa edilmişdir. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin müəyyən hissəsinin ödənişi təmin edilmiş və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.
Mənbə onu da bildirdi ki, cari ilin oktyabr ayında sözügedən EŞ-in xidməti ərazisində ümumilikdə 10,3 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Hesabat ayında ümumi istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 607 min kilovatsaata yaxın artmış, ümumi ödəniş isə 2013-cü ilin eyni dövründəki ödənişdən mütləq 4 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak ötən ilin müvafiq dövründəki göstərici ilə müqayisədə 456 min kilovatsaata yaxın artaraq 3,6 milyon kilovatsaatdan çox olmuşdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 10 faizə yaxın artmışdır. Qeyd edək ki, cari ilin 10 ayı ərzində isə burada ümumilikdə 116,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir. Nəticədə, ötən ilin müvafiq dövrü ilə müqayisədə istehlak 7,2 milyon kilovatsaata, ödəniş isə mütləq 5 faizə yaxın artmışdır. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 41,6 milyon kilovatsaatdan artıq olmuşdur ki, bu da ötən ilin eyni dövründəki istehlakdan 4,9 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə mütləq 12 faizdən çox artmışıdr.