“SUMQAYIT ES”: TEXNİKİ-İQTİSADİ GÖSTƏRİCİLƏR YÜKSƏKDİR
Enerjidən istifadənin ətraf mühitə mənfi təsirini azalda biləcək layihələrin işlənib hazırlanması daha mühüm əhəmiyyət kəsb edir. Dünyanın bir çox ölkələri bu problemin həlli ilə əlaqədar maraqlı tədbirlər həyata keçirirlər. Respublika elektrik enerjisi sistemində də bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. O cümlədən, respublikanın ikinci sənaye şəhəri olan Sumqayıtda da bu işlər uğurla həyata keçirilir. Belə layihələrdən biri - ümumi gücü 525 MVt olan “Sumqayıt” elektrik stansiyasıdır. Elektrik stansiyası iqtisadi cəhətdən inkişaf edən Sumqayıt şəhərinin və Abşeron yarımadasının enerji təhlükəsizliyinin möhkəmləndirilməsini təmin etmişdir. Bundan əlavə onun enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı və sabit işləməsinin təmin edilməsində böyük rolu var. Stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
“Azərenerji” ASC-nin Elektrik Enerjisinin İstehsalı İdarəsindən SC-nin Mətbuat xidmətinə daxil olan məlumatda belə qeyd edilir və o da bildirilir ki, sözügedən stansiyada cari ilin oktyabr ayında 243,4 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal etmişdir ki, cari ilin 10 ayı ərzində isə bu rəqəm 2 milyard 27,8 milyon kilovatsaatdan artıq təşkil etmişdir.
Mənbə onu da bildirdi ki, avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində elektrik stansiyasında digər texniki iqtisadi göstəricilərdə müsbət nəticələr əldə edilmişdir. Stansiyanın optimal iş rejimini saxlamaq üçün qrafik üzrə avadanlıqlara texniki xidmət göstərilmişdir. Mövsümə hazırlıqla bağlı qrafik üzrə nəzərdə tutulmuş işlər əsasən başa çatdırılmışdır.
Yeri gəlmişkən, digər müəssisələrdə olduğu kimi, burada da yanğın təhlükəsi olan bütün yerlər diqqətdə saxlanılır və onlar təlimata uyğun olaraq yanğına qarşı ləvazimatlarla tamamilə təmin olunmuşdur. O cümlədən, stansiyanın konteyner meydançasının yanğın təhlükəsizliyini təmin etmək məqsədilə də əməli işlər həyata keçirilmişdir. Eyni zamanda stansiyanın istehsalat xüsusiyyəti nəzərə alınmaqla, xüsusi yanğın təhlükəsizlik tədbirləri sahəsində işçilərin biliklərinin artırılması məqsədilə yanğın texniki minimum kursları təsdiq edilmiş cədvəl əsasında keçirilir.
Xatırladaq ki, ümumi gücü 525 MVt olan bu stansiyada iki ədəd qaz, bir ədəd buxar turbini quraşdırılmışdır. Elektrik stansiyası Təmiz İnkişaf Mexanizmi prinsipi ilə istismar olunur və 2010-cu ilin oktyabrın 15-də Birləşmiş Millətlər Təşkilatı tərəfindən respublika üzrə ilk dəfə olaraq qeydiyyata alınmışdır. Beynəlxalq ekspertlərin rəyinə görə, təkcə bu layihənin icrası nəticəsində karbon qazının atmosferə tullantısı ildə 1,5 milyon ton azalmışdır.